İQTİSADİYYAT
Azərbaycan Özbəkistanda “Nəqliyyat və logistika” beynəlxalq sərgisində təmsil olunacaq
Bakı, 31 oktyabr, AZƏRTAC
Noyabrın 1-3-də Daşkənddəki “Uzeksposentr” sərgi mərkəzində “TransLogistica Uzbekistan 2023” beynəlxalq nəqliyyat və logistika sərgisi keçiriləcək. Bu il sərgidə 15 ölkənin - Azərbaycan, Belarus, Almaniya, Gürcüstan, Qazaxıstan, Çin, Koreya Respublikası, Latviya, Litva, BƏƏ, Rusiya, Türkmənistan, Türkiyə, Özbəkistan və İsveçrənin şirkətləri iştirak edəcək.
AZƏRTAC “TransLogistica Uzbekistan 2023” sərgisinin təşkilatçılarına istinadla xəbər verir ki, bu, bazarın qabaqcıl nümayəndələrini və beynəlxalq sektoral ekspertləri vahid platformada birləşdirən, logistika sistemlərinin təkmilləşməsinə kömək edən, nəqliyyat infrastrukturu, IT texnologiyaları, nəqliyyat və logistikanın inkişafına, investisiyaların cəlb olunmasına şərait yaradan, həmçinin bütün Mərkəzi Asiya regionunda yükdaşımalarının artırılmasına təkan verən tədbirdir.
Sərgidə texnologiyaların, məhsulların geniş spektri, habelə nəqliyyat sektorunun avtomobil, dəniz, dəmir yolu, multimodal daşımalar, hava yolu ilə daşımalar kimi sahələri üzrə yeni həll yolları ilə tanışlıq imkanı olacaq. Tədbirdə, həmçinin aviaşirkətlər, dəmir yolları, kommersiya nəqliyyatı, avadanlıq və xidmətlərin təqdimatı keçiriləcək.
Sərginin iştirakçıları arasında Azərbaycanın “Ady Express” və “Azlogista”, “Türkmənbaşı” Beynəlxalq Dəniz Limanı, habelə “My Freighter”, “Qanot Sharq”, “Uzbekistan Airways”, “Teg Heavy Projects”, “Cotton Logistics”, MSC, “Ardena”, “Alliance Multimodal”, “Sinocasco”, “Uzbekistan Airports”, “Schmitz Cargobull”, “Asstra”, “Turksib Magistral” və digər iri şirkətlər olacaq.
“TransLogistica Uzbekistan 2023” sərgisi çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Birinci Beynəlxalq Nəqliyyat Forumu, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin 12-ci iclası və “Aviasiya və Logistika 2023” (UALF-2023) beynəlxalq aviasiya forumu da keçiriləcək. Tədbirlərdə ticarət və nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi, regionda mövcud olan infrastrukturların inkişaf etdirilməsi, yeni nəqliyyat dəhlizlərinin yaradılması və onlardan səmərəli istifadə, tərəfdaşlar arasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq.
Forumların işgüzar proqramının zəngin olacağı gözlənilir: o, panel sessiyaları, mətbuat konfransı və dövlət qurumlarının nümayəndələri ilə görüşləri əhatə edir.