İDMAN
Azərbaycan Premyer Liqası: Turun açılış oyununda qalib müəyyənləşməyib
Bakı, 14 dekabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.
AZƏRTAC xəbər verir ki, günün yeganə qarşılaşması Tovuzda “Kəpəz” və “Sumqayıt” komandaları arasında keçirilib.
Tovuz şəhər stadionunda oynanılan görüşdə qalib müəyyənləşməyib - 1:1. Hesabı 20-ci dəqiqədə qonaqlar açıblar. “Gənclik şəhəri” təmsilçisinin heyətində Roi Kehat fərqlənib. Nominal meydan sahibləri 43-cü dəqiqədə Georgi Papunaşvilinin vurduğu qolla hesabı bərabərləşdiriblər.
Bu nəticədən sonra xallarını 24-ə çatdıran “Sumqayıt” dördüncü, 14-cü xalını qazanan “Kəpəz” isə 9-cu sırada qalıb.
Qeyd edək ki, turun “Səbail” - “Qəbələ” və “Araz-Naxçıvan” - “Sabah” oyunları dekabrın 15-də, “Turan Tovuz” - “Zirə” matçı dekabrın 16-da, “Qarabağ” - “Neftçi” görüşü isə dekabrın 18-də keçiriləcək.