RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BANQLADEŞİN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Prezident sarayında Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd İştiaqın etimadnaməsini qəbul etmişdir.
Məhəmməd İştiaq Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi.
Sonra səfirlə söhbət edən Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olmasından məmnunluğunu söylədi, gələcəkdə digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini bildirdi.
Səfir Məhəmməd İştiaq Azərbaycanla Banqladeş arasında mövcud əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.
######