RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BELARUSUN MÜDAFİƏ NAZİRİ LEONİD MALTSEVİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Prezident sarayında Belarusun müdafiə naziri Leonid Maltsevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Belarus arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığımızın inkişafında yüksək səviyyədə qarşılıqlı dövlət səfərlərinin əhəmiyyətini qeyd etdi. Prezident İlham Əliyev nəzərdə tutulan birgə layihələrin yüksək templə həyata keçirildiyini və Azərbaycan-Belarus tərəfdaşlıq münasibətlərinin regionda təhlükəsizliyin daha da möhkəmləndirilməsi işinə töhfə verdiyini bildirdi. Dövlətimizin başçısı Belarusun müdafiə nazirinin ölkəmizə bu səfərinin ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə etdi.
Leonid Maltsev ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən müdafiə nazirlikləri arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd etdi. Qonaq ölkəmizə səfəri zamanı Bakıda qısa müddət ərzində böyük inkişafın şahidi olduğunu vurğuladı. Belarusun müdafiə naziri Azərbaycana səfərinin müdafiə nazirlikləri arasında əməkdaşlığımızın inkişafına xidmət edəcəyini bildirdi.