RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “BP GROUP” ŞİRKƏTİNİN BAŞ İCRAÇI DİREKTORU ENTONİ HEYVORDU QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda onun üçün ayrılmış iqamətgahda “bp Group” şirkətinin baş icraçı direktoru Entoni Heyvordu qəbul etmişdir.
Görüşdə uzun illərdir Azərbaycanla bp şirkəti arasında uğurlu əməkdaşlığın olduğu bildirildi, onun perspektivləri müzakirə edildi və bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə olundu.
Azərbaycanda həyata keçirilən enerji layihələri barədə söhbət gedən görüşdə bp-nin rəhbəri ölkəmizin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirdi, respublikamızın iqtisadiyyatında çox böyük irəliləyişin baş verdiyini vurğuladı.