RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV CƏNUBİ AFRİKA MİLLİ KONQRESİNİN SƏDRİ CAKOB ZUMANI QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda, onun üçün ayrılmış iqamətgahda Cənubi Afrika Milli Konqresinin sədri Cakob Zuma ilə görüşmüşdür.
Hər iki ölkənin bir-birinə maraq göstərdiyinin vurğulandığı görüşdə Cakob Zuma Azərbaycanın indiki vəziyyəti, ölkəmizdə gedən proseslər barədə məlumat almaq arzusunda olduğunu bildirdi.
Prezident İlham Əliyev ölkəmizin bütün sahələrdə inkişafı, aparılan iqtisadi islahatlar, enerji təhlükəsizliyi sahəsində Azərbaycanın rolu barədə söhbət açdı.
Görüşdə xüsusi vurğulandı ki, hər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün ümumi maraqlar və imkanlar var və bu sahədə səmərəli iş görmək lazımdır.
Söhbət zamanı regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasına səfəri davam edir.