RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İNDONEZİYANIN XARİCİ İŞLƏR NAZİRİ NOER HƏSƏN VİRAYUDANI QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Prezident sarayında İndoneziyanın xarici işlər naziri Noer Həsən Virayudanı qəbul etmişdir.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev İndoneziyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, nazirin ölkəmizə səfəri qarşılıqlı əlaqələrin daha da inkişafına töhfə verəcəkdir.
Noer Həsən Virayuda İndoneziya Prezidenti Susilo Bambanq Yudhoyononun salamlarını və ölkəsinə dəvətini dövlətimizin başçısına çatdırdı. İndoneziya naziri ölkələrimiz arasında siyasi əlaqələrin daim genişləndiyini, ikitərəfli münasibətlərin digər sahələrdə, o cümlədən iqtisadi sahədə də daha da möhkəmlənməsi üçün yaxşı perspektivlərin olduğunu bildirdi.
Dövlətimizin başçısı İndoneziya Prezidenti Susilo Bambanq Yudhoyononun salamlarına və dəvətinə görə minnətdarlığını bildirdi, özünün də salamlarını İndoneziyanın dövlət başçısına çatdırmağı xahiş etdi.
######