RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İORDANİYA HAŞİMİLƏR KRALLIĞI PARLAMENTİ SƏDRİNİN MÜAVİNİ TAHİR ƏL-MASRİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da İordaniya Haşimilər Krallığı Parlamenti sədrinin müavini Tahir əl-Masrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İordaniya Parlamenti sədrinin müavini Tahir əl-Masri İordaniya Kralı Əlahəzrət II Abdullahın salamlarını Prezident İlham Əliyevə çatdırdı. Azərbaycana səfərinin əhəmiyyətindən danışan qonaq İordaniya Haşimilər Krallığının ölkələrimiz arasında əlaqələrə böyük önəm verdiyini qeyd etdi və əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.
Dövlətimizin başçısı Azərbaycanla İordaniya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev İordaniya kralı Əlahəzrət II Abdullahın ölkəmizə və özünün İordaniya Haşimilər Krallığına səfərini məmnunluqla xatırladı və həmin səfərlərin ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli rol oynadığını qeyd etdi. Dövlət başçısı ikitərəfli münasibətlərimizin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə etdi.
Prezident İlham Əliyev İordaniya Kralı Əlahəzrət II Abdullahın salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını İordaniya kralına çatdırmağı xahiş etdi.
######