RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV LİTVANIN BAŞ NAZİRİ GEDİMİNAS KİRKİLASIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Prezident sarayında Litva Respublikasının Baş naziri Gediminas Kirkilasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycanla Litva arasında dostluq və tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirdi. Qarşılıqlı dövlət səfərlərinin əhəmiyyətindən danışan Prezident İlham Əliyev münasibətlərin daha da genişləndirilməsində bunların rolunu xüsusi vurğuladı. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyini bildirən dövlətimizin başçısı iqtisadi münasibətləri inkişaf etdirmək, qarşılıqlı ticarət dövriyyəsini artırmaq üçün də yaxşı imkanların olduğunu dedi. Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, Litva Baş nazirinin ölkəmizə bu səfəri əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcəkdir.
Baş nazir Gediminas Kirkilas Litva ilə Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. O, Vilnüsdə keçirilən enerji sammitində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışının ən parlaq və yaddaqalan olduğunu xatırlatdı. Ölkəmizin iqtisadi inkişafının qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün yeni imkanlar yaratdığını deyən qonaq Azərbaycanın inkişaf strategiyasında ümummilli lider Heydər Əliyevin xüsusi rolunu vurğuladı. Baş nazir ikitərəfli əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini söylədi.
######