RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MACARISTANIN BAŞ NAZİRİ FERENTS DYURÇAN İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda onun üçün ayrılmış iqamətgahda, “Turmotel Viktoriya” mehmanxanasında Macarıstanın Baş naziri Ferents Dyurçan ilə görüşmüşdür.
Macarıstanın Baş naziri Azərbaycanda gedən prosesləri diqqətlə izlədiyini və ölkəmizin son illər ərzində əldə etdiyi nailiyyətlərə heyranlığını söylədi. O, Macarıstanın inkişaf edən Azərbaycanla əməkdaşlığı bütün sahələrdə genişləndirməyə və dərinləşdirməyə böyük maraq göstərdiyini bildirdi.
Görüşdə energetika sahəsində əməkdaşlıq məsələlərinə böyük diqqət yetirildi və enerji layihələri, konkret olaraq Nabukko layihəsi ətrafında fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Avropa İttifaqı ilə əməkdaşlıqla əlaqədar müəyyən məsələlərdə bu təşkilatın üzvü kimi Macarıstanın dəstəyinə Azərbaycanın ehtiyacı olduğunu vurğuladı.
Ferents Dyurçan həm Avropa İttifaqı ilə əməkdaşlıq, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələlərində Macarıstanın ölkəmizi dəstəklədiyini bildirdi.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasına səfəri davam edir.