RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MOLDOVA PARLAMENTİNİN SƏDRİ MARİAN LUPUNUN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Moldova Parlamentinin sədri Marian Lupunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Marian Lupu Moldova Prezidenti Vladimir Voroninin salamlarını Prezident İlham Əliyevə çatdırdı. Qonaq Azərbaycan Parlamentinin 90 illik yubileyi münasibətilə dövlətimizin başçısını təbrik etdi. Moldova Parlamentinin sədri ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini və parlamentlərarası əməkdaşlığın genişləndiyini bildirdi, Moldova ilə Azərbaycan parlamentariləri arasında sıx əməkdaşlığın həyata keçirildiyini qeyd etdi.
Dövlətimizin başçısı Azərbaycan-Moldova ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığın mövcud olduğunu bildirdi və ölkələrimizin bir-birinin mövqeyini dəstəkləməsini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı parlamentlərarası əməkdaşlığın bundan sonra da genişlənəcəyinə və münasibətlərimizin daha da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.
Prezident İlham Əliyev Moldova Prezidenti Vladimir Voroninin salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Moldovanın dövlət başçısına çatdırmağı xahiş etdi.
######