RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV PAKİSTAN PARLAMENTİNİN SƏDRİ MUHAMMADMİAN SUMRONUN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Pakistan Parlamentinin sədri Muhammadmian Sumronun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Pakistan arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirdi, siyasi əlaqələrimizin yaxşı səviyyədə olduğunu, iqtisadi sahədə əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı imkanlar yarandığını vurğuladı. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinin mövqeyini dəstəkləməsini yüksək qiymətləndirdi. Ölkələrimizin parlamentarilərinin əlaqələrinin əhəmiyyətindən danışan Prezident İlham Əliyev bu səfərin həm Ali Qanunverici orqanlar arasında əməkdaşlığın, həm də ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
Azərbaycan Parlamentinin 90 illik yubiley tədbirlərində iştirak etmək üçün ölkəmizə dəvət aldığına görə, Prezident İlham Əliyevə təşəkkür edən Pakistan Parlamentinin sədri Muhammadmian Sumro ölkəsinin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini bildirdi. Qonaq iqtisadi sahədə əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu söylədi. Muhammadmian Sumro Pakistanla Azərbaycan parlamentləri arasında əməkdaşlığın ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.
######