RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV POLŞA SENATININ SƏDRİ BOQDAN BORUSEVİÇİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Polşa Senatının sədri Boqdan Boruseviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev Polşaya sonuncu səfərini xatırladı və bu səfərin münasibətlərimizin daha da genişlənməsi baxımından əhəmiyyətini vurğuladı. Parlamentlərarası əməkdaşlığın əhəmiyyətindən danışan dövlətimizin başçısı belə geniş tərkibdə parlament nümayəndə heyətinin ölkəmizə səfərini Polşa tərəfinin Azərbaycan-Polşa əlaqələrinə verdiyi önəmin yaxşı nümunəsi olduğunu qeyd etdi.
Boqdan Boruseviç ölkələrimiz arasında münasibətlərin durmadan inkişaf etdiyini vurğuladı, Azərbaycan Prezidentinin Polşaya uğurlu səfərinin ikitərəfli əlaqələrimizin gələcəkdə daha da genişlənməsi üçün yaxşı əsas yaratdığını dedi.
######