RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QAZAXISTANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ ANDAR ŞUKPUTOVU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Prezident sarayında Qazaxıstanın ölkəmizdəki səfiri Andar Şukputovu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlətimizin başçısı son illər ərzində Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin əhəmiyyətli dərəcədə inkişaf etdiyini və iki ölkə prezidentlərinin qarşılıqlı rəsmi səfərlərinin bu münasibətlərin genişləndirilməsində xüsusi rol oynadığını bildirdi. Siyasi, iqtisadi, energetika və digər sahələrdə əldə edilmiş razılaşmaların ölkələrimizi bir-birinə daha da yaxınlaşdırdığını deyən Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan əməkdaşlığının region üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.
Andar Şukputov Qazaxıstan ilə Azərbaycan arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirdi. O, səfir kimi ölkəmizdə fəaliyyəti dövründə ona göstərilən diqqətə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü çatdırdı.