RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUMINİYA SENATININ SƏDRİ NİKOLAE VEKEROYUNUN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Rumıniya Senatının sədri Nikolae Vekeroyunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı ölkələrimiz arasında yaxşı əlaqələrin mövcud olduğunu bildirdi və bu əlaqələrin daim genişləndiyindən məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Rumıniya Senatının nümayəndə heyətinin Azərbaycana səfərini ölkələrimiz arasında yüksək səviyyədə münasibətlərin göstəricisi kimi dəyərləndirdi və bu səfərin həm parlamentlərarası əməkdaşlıq, həm də ümumilikdə ikitərəfli əlaqələrin genişlənməsi baxımından əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Rumıniyaya sonuncu səfərini məmnunluqla xatırlayaraq əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi.
Nikolae Vekeroyu ilk dəfə Azərbaycana səfərə gəlməsindən məmnunluğunu ifadə etdi və ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin daim genişləndiyini dedi. Rumıniya Senatının sədri hər iki ölkə parlamentarilərinin Rumıniya-Azərbaycan dostluq əlaqələrinin daha da möhkəmlənməsi istiqamətində səylərinin artırılmasının vacibliyini qeyd etdi.
######