RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “SİSKO” ŞİRKƏTİNİN SƏDRİ VƏ BAŞ İCRAÇI DİREKTORU CON ÇAMBERSİ QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda onun üçün ayrılmış iqamətgahda, “Turmotel Viktoriya” mehmanxanasında “Sisko” şirkətinin sədri və baş icraçı direktoru Con Çambersi qəbul etmişdir.
Görüşdə son zamanlar dünyada informasiya texnologiyalarının geniş tətbiq olunması, Azərbaycanda bu sahənin inkişafına böyük diqqət yetirilməsi vurğulandı.
Con Çambers Azərbaycanda Prezident İlham Əliyevin iqtisadiyyatın çoxşaxəliliyi və qeyri-neft sektorunun inkişafı istiqamətində apardığı siyasəti yüksək dəyərləndirdi, bu yolda informasiya texnologiyasının əsas rol oynadığını bildirdi.
Söhbət zamanı Azərbaycanda informasiya texnologiyalarının digər sahələrə olan təsiri, son zamanlar ölkəmizin təhsil sistemində yüksək texnologiyaların tətbiqinə böyük üstünlük verildiyi xatırladıldı. Azərbaycan hökuməti ilə “Sisko” şirkəti arasında müqavilənin bağlanması məsələsi də müzakirə olundu, bir neçə yeni texnologiyanın Azərbaycanda tətbiqi, ölkəmizdə telekommunikasiya şəbəkəsinin modernləşdirilməsi ilə bağlı “Sisko” şirkətinin təklifləri nəzərdən keçirilıdi.
Prezident İlham Əliyev bu şirkətin Azərbaycanda fəaliyyətini yüksək dəyərləndirdi. Dövlətimizin başçısı dedi ki, Azərbaycan iqtisadiyyatının transformasiyası və dayanıqlı iqtisadiyyatın qurulması üçün informasiya texnologiyalarının roluna böyük əhəmiyyət verir və bu, iqtisadi siyasətimizin prioritet istiqamətidir.