RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN KƏND TƏSƏRRÜFATI VƏ KƏND İŞLƏRİ NAZİRİ MEHMET MEHDİ EKERİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Prezident sarayında Türkiyənin kənd təsərrüfatı və kənd işləri naziri Mehmet Mehdi Ekerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Mehmet Mehdi Eker Türkiyə və Azərbaycanın kənd təsərrüfatı nazirlikləri arasında əməkdaşlığın uğurla həyata keçirildiyini və bir sıra istiqamətlərdə konkret sazişlərin olduğunu bildirdi. O, bu sahədə birgə layihələrin həyata keçirilməsi üçün yaxşı imkanların mövcud olduğunu dedi. Türkiyədə kənd təsərrüfatı sektoruna xüsusi önəm verildiyini qeyd edən qonaq ölkəsinin Azərbaycanla bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinə hazır olduğunu vurğuladı.
Dövlətimizin başçısı kənd təsərrüfatının istər ölkənin ümumi iqtisadiyyatı, istərsə də məşğulluğun təmin edilməsi baxımından çox mühüm sahə olduğunu qeyd etdi. Azərbaycanda əhalinin böyük bir hissəsinin regionlarda yaşadığını deyən Prezident İlham Əliyev kənd təsərrüfatının inkişaf etdirilməsi üçün hökumət tərəfindən müvafiq proqramların həyata keçirildiyini, fermerlerə lazımi kömək göstərildiyini bildirdi. Azərbaycan Prezidenti Türkiyənin kənd təsərrüfatı sahəsində təcrübəsinin ölkəmiz üçün maraqlı olduğunu dedi və bu baxımdan iki ölkənin müvafiq nazirlikləri arasında təcrübə mübadiləsinin bundan sonra da davam etdirilməsinin əhəmiyyətini vurğuladı.