RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKMƏNİSTAN PARLAMENTİNİN SƏDRİ XANIM AKCA NURBERDIYEVANIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Türkmənistan Parlamentinin sədri xanım Akca Nurberdıyevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Xanım Akca Nurberdıyeva Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan Parlamentinin 90 illik yubileyi münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik etdi. Ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin vacibliyini qeyd edən qonaq bu əlaqələrin bundan sonra daha da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.
Dövlətimizin başçısı Azərbaycanla Türkmənistan arasında ikitərəfli münasibətlərin dinamik olaraq inkişaf etdiyini vurğuladı. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfərinə toxunan Prezident İlham Əliyev həmin səfərin əlaqələrimizin gələcəkdə daha da inkişaf etdirilməsi işinə xidmət göstərdiyini bildirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etdi.
Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmənistanın dövlət başçısına çatdırmağı xahiş etdi.
######