RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ XANIMI MEHRİBAN ƏLİYEVA BAKININ ZİRƏ VƏ BİNƏ QƏSƏBƏLƏRİNDƏ OLMUŞLAR
Zirə qəsəbəsinin giriş qapısında sakinlər Azərbaycan Prezidenti İlham Əliyevi və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanı böyük mehribanlıqla qarşılamışlar. Kənd sakinləri görülən işlərə görə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Zirənin mərkəzində inşa ediləcək yeni sosial obyektlərin layihələri və yardımçı elektrik stansiyasında gedən son tamamlama işləri ilə tanış olmuşlar.
Binə qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunmuş uşaq bağçasında görülən işlərlə maraqlanan Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 176 yerlik orta məktəb binasının təməlqoyma mərasimində iştirak etmişlər.
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilmiş kənd məscidi ilə tanış olmuşlar. Mehriban xanım Əliyeva bu məscidin tarixi abidə kimi qorunması ilə bağlı sənədi məscidin rəhbərliyinə təqdim etmişdir.
Prezident İlham Əliyev Zirə və Binə qəsəbələrinin sakinlərini 15 iyun – Milli Qurtuluş günü münasibətilə təbrik etmiş, ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində görülən işlər, əldə olunan uğurlardan danışmışdır.
Qəsəbələrin sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.