RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İSVEÇRƏYƏ SƏFƏRİ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “MİCROSOFT” KORPORASİYASININ TƏDQİQAT VƏ STRATEGİYA ÜZRƏ DİREKTORU KREYQ MANDİNİ QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də Davosda, onun üçün ayrılmış iqamətgahda “Microsoft” korporasiyasının tədqiqat və strategiya üzrə direktoru Kreyq Mandini qəbul etmişdir.
Görüşdə bildirildi ki, bu ilin yazında Azərbaycan hökuməti ilə “Microsoft” korporasiyası arasında strateji tərəfdaşlıq müqaviləsinin imzalanması nəzərdə tutulmuşdur. Müqavilədə Azərbaycanda intellektual mülkiyyətin qorunması, proqram təminatının leqallaşdırılması və “Microsoft”un Azərbaycanda sərmayə layihələrini həyata keçirməsi əksini tapacaqdır.
Kreyq Mandi bildirdi ki, “Microsoft” Azərbaycanda elektron informasiya mərkəzi yaratmağı planlaşdırır.
Görüşdə Azərbaycanın regionda tranzit informasiya mərkəzinə çevrilməsi üçün “Microsoft”un həyata keçirəcəyi bir sıra layihələr müzakirə edildi, həmçinin Azərbaycanda yüksək səviyyəli mühəndislərin hazırlanması istiqamətində “Microsoft”un reallaşdıracağı layihələr barədə də fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev ölkəmizdə iqtisadiyyatda, o cümlədən energetika sahəsində böyük inkişafın əldə olunduğunu bildirdi. Dövlətimizin başçısı qeyri-neft sektoruna böyük diqqət yetirildiyini, bu baxımdan informasiya texnologiyalarının inkişafının prioritet istiqamət kimi seçildiyini söylədi. Prezident İlham Əliyev informasiya texnologiyaları sahəsində “Microsoft” korporasiyası ilə gələcəkdə yaxından əməkdaşlıq ediləcəyinə əmin olduğunu bildirdi və artıq Azərbaycanda bu sahədə konkret işlərin həyata keçirildiyini vurğuladı.