RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İSVEÇRƏYƏ SƏFƏRİ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İSVEÇRƏ PREZİDENTİ PASKAL KUŞPEN İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpen ilə görüşmüşdür.
Görüşdə ikitərəfli əlaqələrin və əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimiz arasında müxtəlif səviyyəli təmasların genişlənməsindən məmnunluq ifadə edildi. İsveçrə Prezidenti Azərbaycanın sürətli iqtisadi inkişafı barədə ölkəsində geniş məlumatın olduğunu bildirdi.
Prezident İlham Əliyev Azərbaycanda gedən iqtisadi inkişaf proseslərindən, neft və qaz sektorunda əldə olunan uğurlardan danışdı.
Paskal Kuşpen İsveçrə şirkətlərinin Azərbaycanın energetika sektorunda geniş iştirak etməkdə maraqlı olduqlarını söylədi.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində rolunun daha da artdığını bildirən Prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini vurğuladı.
Görüşdə regional məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə fikir mübadiləsi aparıldı.