RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜLÜN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 21-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər istiqamətlərdə uğurla inkişaf etdiyi, Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana rəsmi səfərinin bu əlaqələrin daha da genişlənməsinə töhfə verdiyi vurğulandı.
Dövlət başçıları dost və qardaş Azərbaycan və Türkiyənin qlobal enerji layihələrində birgə iştirakının həm ikitərəfli, həm də regional əməkdaşlığın genişlənməsinə xidmət etdiyini bildirdilər.
Prezidentlər vurğuladılar ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də ikitərəfli və regional əməkdaşlığı daha da dərinləşdirəcək və möhkəmləndirəcəkdir.