RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TAYYİB ƏRDOĞANIN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iyunun 4-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə edildi. Ölkələrimizin qlobal layihələri birgə uğurla həyata keçirməsi, beynəlxalq aləmdə bir-birinin mövqelərini tam dəstəkləməsi, regional əməkdaşlıqda fəal iştirakı bildirildi. Baş nazir Rəcəb Tayyib Ərdoğanın Naxçıvana hazırkı səfərinin əhəmiyyəti vurğulandı və bunun ölkələrimiz arasındakı əlaqələrin genişlənməsinə xidmət edəcəyi qeyd olundu.
Görüşdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında, habelə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıldı.
######