Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Adından
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2.3-cü maddəsinin və

182-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair

9 iyul 2013-cü il Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Mahir Muradov və İsa Nəcəfovdan ibarət tərkibdə,

məhkəmə katibi Elməddin Hüseynovun,

sorğuverən orqanın nümayəndəsi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Elmi-Analitik sektorunun müdiri Mahir Məmmədovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Fuad Məmmədovun,

mütəxəssis Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Bağır Əsədovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə müvafiq olaraq konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2.3-cü maddəsinin və 182-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.4-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 25, 60, 71-ci maddələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu ilə əlaqədar konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını dinləyib, ekspert Bakı Dövlət Universitetinin Mülki hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor M.Dəmirçiyevanın rəyini elan edib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra - Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 17.2.3-cü maddəsinin və 182-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.4-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 25, 60, 71-ci maddələrinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Sorğuda göstərilir ki, AM-in 17.2-ci maddəsinə müvafiq olaraq yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır:

17.2.1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;

17.2.2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

17.2.3. ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda.

Ər-arvaddan birinin ərizəsi üzrə nikahın pozulmasının qeydə alınmasını tənzimləyən AM-in 182.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə nikahı pozmaq haqqında ərizə vermiş ər (arvad) həmin ərizəyə arvadın (ərin) xəbərsiz itkin düşmüş və ya ruhi xəstəlik, yaxud kəmağıllıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsini, yaxud da arvadın (ərin) azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunduğu barədə hökmdən çıxarışı əlavə etməlidir.

AM-in 182.2-ci maddəsinə görə bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə nikahı pozmaq haqqında ərizə təqdim edildikdə, müvafiq icra hakimiyyəti orqanı nikahın pozulmasını ərizə verilən gün ərizəçinin iştirakı ilə qeydə alır, 3 gün müddətində bu barədə azadlıqdan məhrumetmə növündə cəza çəkən ərə (arvada) və ya fəaliyyət qabiliyyəti olmayan ərin (arvadın) qəyyumuna, yaxud xəbərsiz itkin düşmüş hesab edilən ərin (arvadın) əmlakını idarə edənə məlumat göndərir.

Sorğuverənin qənaətinə görə, AM-in 17.2.3 və 182.1-ci maddələrində müəyyən olunmuş “ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda” müddəası şəxsin Konstitusiyanın 25, 60, 71-ci maddələrində və 149-cu maddəsinin I və III hissələrində təsbit olunmuş hüquqlarını pozur, habelə hüquq bərabərliyi, bərabər mənafelərə bərabər münasibət bəslənilməsi, normativ hüquqi akta qarşı irəli sürülən haqq-ədalət meyarları prinsiplərinə cavab vermir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar ilk növbədə nikahın anlayışının verilməsini, nikah hüququnun konstitusion mahiyyətinin, prinsiplərinin və təminatlarının açıqlanmasını zəruri hesab edir.

Konstitusiyanın 17-ci maddəsinin I hissəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.

Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Ər ilə arvadın hüquqları bərabərdir. (Konstitusiyanın 34-cü maddəsi)

Konstitusiyanın qeyd edilən normaları insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlarda da əksini tapmışdır. Belə ki, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 23-cü maddəsinin 4-cü bəndinə əsasən Paktda iştirak edən dövlətlər nikah bağlanarkən, nikah vəziyyətində olarkən və onun pozulması zamanı ərlə arvadın hüquq və vəzifələrinin bərabərliyinin təmin edilməsi üçün lazımi tədbirləri görməlidirlər.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 7 saylı Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar.

Konstitusiyada və beynəlxalq hüquqi aktlarda əks olunmuş ailə və nikah münasibətlərinin hüquqi tənzimi ailə qanunvericiliyində təsbit olunan prinsiplərə əsaslanır.

AM-in 1.3-cü maddəsinə əsasən ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.

Azərbaycan Respublikasının ailə qanunvericiliyi ailənin ümumbəşəri prinsiplər, ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması, ailədə uşaqların ictimai tərbiyə ilə əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi və s. özünün ən mühüm vəzifələrindən sayaraq, nikahın bağlanması və ailə münasibətləri üçün bir sıra şərtlər müəyyən etmişdir.

AM-in 2.2-ci maddəsi ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirildiyini müəyyən edir.

AM-in 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə müvafiq olaraq, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir.

Konstitusiyanın, beynəlxalq hüquqi aktların və ailə qanunvericiliyinin yuxarıda qeyd olunan normalarını təhlil edərək Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, nikahın könüllülüyü, nikaha daxil olan şəxslərin iradə ifadəsinin sərbəstliyi, ailənin möhkəmləndirilməsi zəruriyyəti, ər və arvadın hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və onların bu hüquqlarının məhkəmədə müdafiəsi imkanları, ər-arvadın hüquq bərabərliyi, ailə daxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafelərinin müdafiəsi və s. prinsiplər nikahın bütün mərhələlərini (nikaha daxil olma, ailə münasibətlərini və nikaha xitam verilməsini) əhatə edir.

Nikaha xitam verilməsi dedikdə, ailə hüquq nəzəriyyəsində müəyyən hüquqi faktların yaranması ilə əlaqədar ər-arvadın qanunla nəzərdə tutulmuş qaydada bağlanmış nikahdan əmələ gələn münasibətlərinə xitam verilməsi başa düşülür. Belə olan halda, nikaha xitam verilməsi ər (arvadın) qanunvericilikdə nəzərdə tutulmuş öhdəlikləri istisna olmaqla, onların gələcək zaman üçün hüquq və vəzifələrinə xitam verən hüquqi faktdır.

Ailə qanunvericiliyi nikaha ər-arvadın qarşılıqlı razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında, belə razılıq olmadıqda və ər-arvadın barışdırılması tədbirləri nəticə vermədikdə onun məhkəmə qaydasında həyata keçirilməsini nəzərdə tutur.

AM nikaha xitam verilməsinin qaydalarını müəyyən edərkən nikahın könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, həmçinin nikahın pozulmasının azadlığı, ər və arvadın hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması prinsipləri, habelə uşaqların hüquqlarının müdafiəsi baxımından çıxış edir.

Qanunverici nikah münasibətlərinə xitam verilməsinə səbəb olan hüquqi faktlardan asılı olaraq nikaha xitam verilməsini aşağıdakı əsaslara görə səciyyələndirmişdir:

• ər (arvad) öldükdə;

• ər (arvad) məhkəmə qaydasında ölmüş elan edildikdə;

• ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında;

• məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında.

Ailə qanunvericiliyi nikahın pozulmasının iki qaydasını müəyyən edir - məhkəmə qaydasında və müvafiq icra hakimiyyəti orqanında (inzibati qaydada). AM-in 16-cı maddəsinə görə nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir.

AM-in 19-21-ci maddələri nikahın məhkəmə qaydasında pozulmasından bəhs edir. Həmin maddələrdə qanunverici məhkəmə qaydasında nikaha xitam verilməsinin iki əsas şərtini müəyyən etmişdir: ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olması; tərəflərdən birinin nikahın pozulmasına razılığının olmaması.

Müvafiq icra hakimiyyəti orqanında nikaha xitam verilməsi nikahın pozulmasının sadələşdirilmiş formasıdır və məzmununa görə bu qaydada nikaha xitam verilməsinə ər-arvad arasında mübahisə olmadıqda yol verilir.

Ailə qanunvericiliyi müvafiq icra hakimiyyəti orqanında nikaha xitam verilməsinin iki halını nəzərdə tutmuşdur:

1) ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında xitam verilməsi (AM-in 17.1-ci maddəsi);

2) yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsinə əsasən AM-in 17.2-ci maddəsində göstərilən üç əsasdan biri olduqda.

AM-in 17.2-ci maddəsinə görə yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə, ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanında aparılır.

Göründüyü kimi, ailə qanunvericiliyinin yuxarıda qeyd olunan normasında göstərilən əsaslardan biri olduqda ərin (arvadın) ərizəsi əsasında nikaha sadələşdirilmiş qaydada xitam verilir. Belə olan hallarda isə qarşı tərəfin razılığının olmaması və (və ya) yetkinlik yaşına çatmayan uşaqların olması müvafiq icra hakimiyyəti orqanında nikaha xitam verilməsinə mane olmur.

Nikahın məhkəmə qaydasında pozulmasını tənzimləyən AM-in 19.1-ci maddəsinə görə bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

Qeyd olunanlardan aydın olur ki, nikaha müvafiq icra hakimiyyəti orqanında xitam verilməsini yetkinlik yaşına çatmayan ümumi uşaqların olmaması və hər iki tərəfin razılığının olması ilə şərtləndirən AM-in 17.1-ci maddəsindən fərqli olaraq, AM-in 17.2.3-cü maddəsi bu halları nəzərə almadan müvafiq icra hakimiyyəti orqanında nikaha xitam verilməsinə imkan yaradır.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ailə münasibətləri iştirakçılarının (ərin və ya arvadın) hər hansı biri cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda digər tərəfin ərizəsi əsasında müvafiq icra hakimiyyəti orqanında nikaha xitam verilməsi Konstitusiyanın və AM-in yuxarıda qeyd olunan prinsiplərinin pozulması ilə nəticələnə bilər.

Belə ki, ailə qanunvericiliyinin nikaha daxil olan şəxslərin iradə ifadəsinin sərbəstliyi, ailənin möhkəmləndirilməsi zəruriyyəti, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafelərinin müdafiəsi prinsiplərinin əsas məqsədi ailənin və onun mənəvi dəyərlərinin qorunub saxlanılmasına, ailə münasibətləri iştirakçılarının hər birinin fikrinə hörmətlə yanaşılmasına, ailədə olan yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının qorunmasına yönəlmişdir.

Lakin yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından və ərin (arvadın) razılığının olub-olmamasından asılı olmayaraq ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda, tərəflərdən birinin ərizəsi əsasında nikaha müvafiq icra hakimiyyəti orqanında xitam verilməsi əri (arvadı) nikahı məhkəmədə müdafiə etmək imkanından və ailənin qorunub saxlanılması üçün sonuncu imkandan məhrum edir, eləcə də yetkinlik yaşına çatmayan uşaqların mənafelərinin pozulmasına gətirib çıxara bilər.

Beləliklə, ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda, nikaha xitam verilməsinin onların yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından və ərin (arvadın) razılığının olmasından asılı olaraq, məhkəmə qaydasında (AM-in 19-21 maddələrinə əsasən) həyata keçirilməsi Konstitusiyanın və ailə qanunvericiliyinin yuxarıda göstərilən prinsipləri baxımından məqsədə uyğun olardı.

Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir.

Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatları da müəyyənləşdirmişdir.

Bu baxımdan, Konstitusiyada hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ (26-cı maddə), hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat hüququ təsbit edilmişdir (60-cı maddə).

Konstitusiyanın 60-cı maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Eyni zamanda, məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir.

Konstitusiya Məhkəməsi Plenumunun məhkəmə müdafiəsi hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən qüvvədə olan hüquqi prosedurlar üzrə məhkəmə müdafiə hüququnun (ədalətli məhkəmə araşdırılması hüququnun) məcburi təmin edilməklə həyata keçirilməsi qanunun aliliyi baxımından mühüm şərtlərdən biridir. Bu hüquq mütləq hüquq olmasa da, onun üzərinə qoyulan məhdudiyyətlər qanunda nəzərdə tutulmalı və hüququn mahiyyətinə xələl gətirə biləcək dərəcədə maneələr törətməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun X.İ.Qasımovun şikayəti üzrə 13 dekabr 2005-ci il tarixli Qərarı).

Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Zumtobel Avstriyaya qarşı iş üzrə 21 sentyabr 1993-cü il tarixli qərarında vurğulamışdır ki, Konvensiyanın iştirakçısı olan hər bir dövlət öz yurisdiksiyası çərçivəsində hər kəsə mülki məsələlərin həllində məhkəmə nəzarəti formasına xas olan əlamətlərə malik icraat vasitəsi ilə baxılması hüququna təminat verməlidir.

Göründüyü kimi, nikah və ailə hüququ hər kəsin təbii, ayrılmaz konstitusiya hüququ olduğundan Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların bütün təminatlarının, o cümlədən məhkəmə təminatının müdafiəsi altına düşür.

Nikahın və ailənin məhkəmə təminatı ailə qanunvericiliyinin əsaslarından birini təşkil edir. Belə ki, ailə qanunvericiliyi ər və arvadın hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.

Lakin yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından və ərin (arvadın) razılığının olub-olmamasından asılı olmayaraq ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda, digər tərəfin ərizəsi əsasında nikaha müvafiq icra hakimiyyəti orqanında xitam verilməsi ərin (arvadın) ailə və nikah hüquqlarını məhkəmədə müdafiə etmək imkanından məhrum edir.

Digər tərəfdən, müvafiq icra hakimiyyəti orqanında nikaha xitam verilərkən ərin (arvadın) bundan xəbəri olmur və o, yalnız nikaha xitam verildikdən sonra bu məsələ ilə əlaqədar məlumatlandırılır.

Belə ki, AM-in 182.1-ci maddəsinə görə bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə nikahı pozmaq haqqında ərizə vermiş ər (arvad) həmin ərizəyə arvadın (ərin) azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunduğu barədə hökmdən çıxarışı əlavə etməlidir.

Bununla yanaşı, AM-in 182.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə nikahı pozmaq haqqında ərizə təqdim edildikdə, müvafiq icra hakimiyyəti orqanı nikahın pozulmasını ərizə verilən gün ərizəçinin iştirakı ilə qeydə alır, 3 gün müddətində bu barədə azadlıqdan məhrumetmə növündə cəza çəkən ərə (arvada) məlumat göndərir.

Eyni müddəa Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” 31 oktyabr 2003-cü il tarixli, 145 saylı Qərarının 5.11.2-ci maddəsində də əksini tapmışdır.

Göründüyü kimi, nikahına xitam verilmiş ər (arvad) nəinki məhkəmədə öz mülahizələrini bildirərək nikahını və ailəsini qorumaq hüququndan, eləcə də, müvafiq icra hakimiyyəti orqanının nikahın pozulması haqqında qərarından məhkəməyə şikayət vermək hüququndan məhrum olur.

Konstitusiya Məhkəməsinin Plenumu cəmiyyətin əsas özəyi kimi nikahın və ailənin dövlətin xüsusi himayəsində olması konstitusiya prinsipinin əhəmiyyətini bir daha vurğulayaraq qeyd edir ki, ailə və nikah insanın ayrılmaz təbii hüququdur və şəxsin bu hüquqlarının məhdudlaşdırılmasına yalnız məhkəmə qaydasında yol verilə bilər.

Nikah və ailə hüquqlarının məhkəmə təminatı ailə qanunvericiliyinin əsasını təşkil edən “ər və arvadın hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi imkanları” prinsipindən və Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunan hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından, ərin (arvadın) razılığının olub-olmamasından asılı olmayaraq ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda tərəflərdən birinin ərizəsi əsasında nikaha müvafiq icra hakimiyyəti orqanında xitam verilməsi həmin hüquq münasibətlərində iştirak edən subyektləri Konstitusiyanın 17 və 34-cü maddələrində təsbit olunmuş hüquqlarının məhkəmə müdafiəsindən məhrum etdiyinə görə Konstitusiyanın 60-cı maddəsinin I hissəsi ilə ziddiyyət təşkil edir.

Bununla yanaşı, bir sıra ölkələrin qanunvericiliyinin təhlili bu məsələdə Azərbaycan Respublikasının ailə qanunvericiliyindən fərqli yanaşmanın mövcud olduğunu göstərir. Belə ki, Ukrayna Respublikasının Ailə Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda ərin (arvadın) ərizəsi əsasında müvafiq icra hakimiyyəti orqanında nikaha xitam verilməsini nəzərdə tutan norma Məcəllədən çıxarılmışdır. Almaniya Federativ Respublikasının Mülki Məcəlləsi də nikahın pozulmasının yalnız məhkəmə qaydasında mümkün olduğunu müəyyən edir.

Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- AM-in 17.2.3-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verən 60-cı maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir;

- nikahın pozulmasının qeydə alınması qaydalarını müəyyən edən AM-in 182.1-ci maddəsinin “yaxud da arvadın (ərin) azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunduğu barədə hökmdən çıxarışı” müddəası, həmin Məcəllənin 182.2-ci maddəsinin “azadlıqdan məhrumetmə növündə cəza çəkən ərə (arvada) və ya” müddəası və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” 31 oktyabr 2003-cü il tarixli, 145 saylı Qərarının 5.11.2-ci maddəsinin “azadlıqdan məhrumetmə növündə cəza çəkən ərə (arvada) və ya” müddəası qüvvədən düşmüş hesab edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65, 67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2.3-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verən 60-cı maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Nikahın pozulmasının qeydə alınması qaydalarını müəyyən edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 182.1-ci maddəsinin “yaxud da arvadın (ərin) azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunduğu barədə hökmdən çıxarışı” müddəası, həmin Məcəllənin 182.2-ci maddəsinin “azadlıqdan məhrumetmə növündə cəza çəkən ərə (arvada) və ya” müddəası və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” 31 oktyabr 2003-cü il tarixli, 145 saylı Qərarının 5.11.2-ci maddəsinin “azadlıqdan məhrumetmə növündə cəza çəkən ərə (arvada) və ya” müddəası qüvvədən düşmüş hesab edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

Sədr Fərhad Abdullayev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin