SİYASƏT
Azərbaycan Respublikası ilə Seyşel Adaları Respublikası arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur
Bakı, 29 aprel (AZƏRTAC). Aprelin 29-da Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Nadir Hüseynov Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edən Seyşel Adaları Respublikasının sabiq Prezidenti Ceymz R.Mançam Kbe ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, artıq üçüncü dəfədir ki, Azərbaycana səfər edən keçmiş Prezident ölkə rəhbərliyinin fəaliyyətini və respublikamızda müşahidə olunan dinamik inkişafı yüksək qiymətləndirmişdir.
Sabiq Prezident ilk dəfə ölkəmizə 2013-cü ildə keçirilən prezident seçkiləri zamanı müşahidəçi qismində gəldiyini və səfəri zamanı gördüklərindən təsirlənərək sədri olduğu “Hind okeanı və Ərəb dənizinin səsi” jurnalının xüsusi buraxılışını Azərbaycana həsr etdiyini demişdir. Jurnalda Azərbaycanın uğurlarından geniş söhbət açılmışdır.
Görüşdə ölkələrimiz arasında, xüsusilə turizm sahəsində əməkdaşlığı genişləndirmək üçün böyük potensial olduğu vurğulanmış, digər sahələrdə də əməkdaşlığın gücləndirilməsinin zəruriliyi qeyd edilmiş və iki ölkə arasında mütəmadi şəkildə məsləhətləşmələrin aparılması perspektivləri müzakirə olunmuşdur.
Ceymz R.Mançam, həmçinin 2017-2018-ci illər üçün ölkəsinin Afrika qrupu olaraq BMT Təhlükəsizlik Şurasında təmsil olunması üçün müraciət edəcəklərini, seçiləcəkləri halda, Azərbaycanın həmin beynəlxalq təşkilatdakı təcrübəsindən faydalanmaq niyyətində olduqlarını və ölkəmizin mövqeyini dəstəkləyəcəklərini bildirmişdir. Ceymz R.Mançam Kbe Seyşel Respublikasının Prezidenti Ceymz Mişelin bununla bağlı məktubunu Xarici İşlər Nazirliyinə təqdim etmişdir.