Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar № 116

Bakı şəhəri, 18 may 2012-ci il

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər edilməsi barədə

"Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 201-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 dekabr tarixli 566 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693; 2001, № 11, maddə 722; 2002, № 3, maddə 148, № 7, maddə 455, № 10, maddə 635; 2003, № 10, maddə 629; 2005, № 4, maddə 386, № 6, maddə 534, № 8, maddə 782, № 10, maddə 977, № 11, maddə 1061, № 12, maddələr 1228, 1231; 2006, № 3, maddə 297, № 8, maddə 731, № 9, maddə 830, № 10, maddə 902, № 11, maddə 994; 2008, № 2, maddə 108, № 4, maddə 316, № 8, maddə 787; 2009, № 2, maddə 148, № 10, maddələr 846, 849, № 12, maddə 1079; 2010, № 6, maddə 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə 263) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 7-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. on birinci abzas aşağıdakı redaksiyada verilsin:

"Notarius daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqaviləni təsdiqlədikdən sonra iki iş günü müddətində həmin müqavilənin bir nüsxəsini sifarişli poçt göndərişi vasitəsi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə göndərir.";

1.2. aşağıdakı məzmunda on dördüncü abzas əlavə edilsin:

"Notarius təsdiq etdiyi müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir. Müraciət edən şəxsin istəyi ilə notarius daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsini müqavilə (zərurət olduqda - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatı üçün digər əsasları əks etdirən sənədlər), torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə qəbz ilə birlikdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə göndərir (bu halda bu Təlimatın 7-ci hissəsinin on birinci abzasında müqavilənin nüsxəsinin göndərilməsi ilə bağlı müddəa tətbiq edilmir).".

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin