Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar
№ 124

Bakı şəhəri, 29 may 2012-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər edilməsi barədə

"Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli 159-IVQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 8 avqust tarixli 491 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693; 2001, № 11, maddə 722; 2002, №3, maddə 148, № 7, maddə 455, № 10, maddə 635; 2003, № 10, maddə 629; 2005, № 4, maddə 386, № 6, maddə 534, № 8, maddə 782, № 10, maddə 977, № 11, maddə 1061, № 12, maddələr 1228, 1231; 2006, № 3, maddə 297, № 8, maddə 731, № 9, maddə 830, № 10, maddə 902, № 11, maddə 994; 2008, № 2, maddə 108, № 4, maddə 316, № 8, maddə 787; 2009, № 2, maddə 148, № 10, maddələr 846, 849, № 12, maddə 1079; 2010, № 6, maddə 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə 263) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da aşağıdakı dəyişikliklər edilsin:

1.1. 152-ci hissənin üçüncü abzasından "bu təlimatın 63-cü bəndində göstərilən vəsiyyətnamələri, habelə" sözləri çıxarılsın;

1.2. aşağıdakı məzmunda 160-2-ci hissə əlavə edilsin:

"160-2. Notarius bu Təlimatın 63-cü hissəsində göstərilən vəsiyyətnamələri depozitə notariat kontorunda qəbul edir və həmin kontorda olan seyflərdə saxlayır.

Notarius vəsiyyətnaməni depozitə qəbul edərkən, vəsiyyətnaməni təqdim edən şəxsin şəxsiyyətini müəyyən edir və onun fəaliyyət qabiliyyətini yoxlayır.

Notarius vəsiyyətnamənin qoyulduğu zərfin vəsiyyətnaməni təqdim edən şəxs tərəfindən etibarlı bağlandığını və sonradan açılmadığını təsdiq etmək üçün zərfin bağlanan hissəsinə möhür vurur. Əgər zərf üzərində qeydlərin aparılması üçün kiçikdirsə və ya yararsızdırsa, notarius vəsiyyətnaməni təqdim edən şəxsə zərfi dəyişdirməsini təklif edir. Notarius zərfin üzərində zərfdəki vəsiyyətnaməni onu təqdim edən şəxsin öz əli ilə yazıb imzalaması və vəsiyyətnamənin hansı tarixdə və saatda depozitə qəbul olunması barədə qeyd yazır. Qeyd notariusun imzası və şəxsi gerbli möhürü ilə təsdiq edilir.

Notarius vəsiyyətnaməni depozitə qəbul etdikdən sonra bu barədə iki nüsxədə qəbz tərtib edərək onun bir nüsxəsini vəsiyyətnaməni təqdim edən şəxsə verir, digər nüsxəsini isə bunun üçün xüsusi ayrılmış qovluqda saxlayır. Qəbzdə vəsiyyətnaməni təqdim edən şəxsin, vəsiyyətnamə notariusa təqdim edilərkən iştirak edən üç şəxsin adı, soyadı, atasının adı, yaşadığı ünvan, depozitin yeri, vəsiyyətnamənin depozitə qəbul olunduğu tarix və saat qeyd edilir. Vəsiyyətnaməni depozitə qəbul edən notarius qəbzi imzalamalı və ona şəxsi gerbli möhürünü vurmalıdır. Qəbz itdikdə vəsiyyətnaməni depozitə qoyan şəxsin, həmin şəxs öldükdən sonra isə onun vərəsəsinin müraciəti əsasında qəbzin notariat qaydada təsdiq olunmuş surəti verilir.

Depozitin yeri dəyişdirildikdə, notarius bu barədə digər şəxslərə məlumatın çatmasını istisna edən üsullarla vəsiyyətnaməni təqdim edən şəxsə məlumat verir.

Notariusun fəaliyyətinə xitam verildikdə, depozitə qoyulmuş vəsiyyətnamələr həmin ərazi üzrə təyin edilmiş notarius tərəfindən saxlanılır.

Notarius depozitə qoyulmuş vəsiyyətnaməni onu təqdim edən şəxsin notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən geri qaytarır.

Vəsiyyətnaməni depozitə qoyan şəxs öldükdən sonra qəbzi təqdim edən şəxs ərizə ilə müraciət etdikdə, notarius işlədiyi və fəaliyyət göstərdiyi inzibati ərazi vahidi üzrə digər notariat kontoruna mirasın qəbul edilməsi və ya vərəsəlik şəhadətnaməsinin alınması barədə ərizənin verilib-verilməməsini yoxlayır. Digər notariat kontoruna mirasın qəbul edilməsi və ya vərəsəlik şəhadətnaməsinin alınması barədə ərizə verilmişdirsə, notarius 2 (iki) iş günü ərzində vəsiyyətnaməni mirasın açıldığı yerin notariusuna təqdim edir və ya "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə göndərir və şəxsə bununla bağlı yazılı məlumat verir. Mirasın açıldığı yerin notariusu vəsiyyətnamə saxlayan notariusla eyni şəhərdə (rayonda) fəaliyyət göstərirsə, vəsiyyətnamə onu saxlayan notarius tərəfindən mirasın açıldığı yerin notariusuna imza etdirməklə şəxsən təqdim edilməlidir.

Mirasın qəbul edilməsi və ya vərəsəlik şəhadətnaməsinin alınması barədə ərizə verilməyibsə, notarius qəbzi təqdim edən şəxsə həmin ərizənin verilməsi qaydasını izah edir. Mirasın qəbul edilməsi və ya vərəsəlik şəhadətnaməsinin alınması barədə ərizənin verilməsi haqqında məlumat notariat kontoruna daxil olduqdan sonra notarius vəsiyyətnaməni mirasın açıldığı yerin notariusuna, mirasın açıldığı yer Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda, həmin yer üzrə Azərbaycan Respublikasının konsulluğuna göndərilməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, bu Təlimatın 160-2-ci hissəsinin səkkizinci abzasında nəzərdə tutulmuş qaydada təqdim edir və ya göndərir və şəxsə bununla bağlı yazılı məlumat verir.

Mirasın açıldığı yerin notariusu gün təyin edərək, maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edir. Notarius maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edərkən, vəsiyyətnamənin surətlərini onlara paylayır və vəsiyyətnamənin mətnini ucadan oxuyur. Vəsiyyətnamənin məzmunu bu barədə notarius tərəfindən tərtib edilən müvafiq protokolda qeyd edilir. Vəsiyyətnamənin qoyulduğu zərf açılmazdan əvvəl zərfə vurulan möhürün salamatlığının yoxlanılması barədə məlumat da protokolda qeyd edilir. Protokol notarius və vəsiyyətnamənin məzmunu ilə tanış olan maraqlı şəxslər tərəfindən imzalanır. Vəsiyyətnamənin məzmunu ilə tanış olan maraqlı şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Vəsiyyətnamənin məzmunu ilə tanış olan maraqlı şəxsin protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə edilir. Protokolun notariat qaydasında təsdiq edilmiş surətləri vəsiyyətnamənin məzmunu ilə tanış olan maraqlı şəxslərə verilir, vəsiyyətnamənin əsli isə notariusda saxlanılır.

Vəsiyyətnamə mirasın açıldığı yerin notariusunda depozitə qoyulubsa, bu Təlimatın 160-2-ci hissəsinin onuncu abzasında nəzərdə tutulmuş hərəkətlər həmin notarius tərəfindən həyata keçirilir.

Vəsiyyətnamənin depozitə qəbul olunması, saxlandığı depozitin yeri, vəsiyyətnaməni təqdim edən şəxs tərəfindən onun geri götürülməsi, vəsiyyətnamənin mirasın açıldığı yerin notariusuna göndərilməsi, vəsiyyətnamənin məzmunu ilə maraqlı şəxslərin tanış edilməsi barədə məlumatlar notariat reyestrində qeyd edilir.".

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 (bir) ay müddətində "Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın bu qərara uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin