Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 682-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 790; 2018, № 12 (II kitab), maddə 2741; 2021, № 3, maddə 281; 2022, № 12, maddə 1552) ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2-ci bəndə “sayının” sözündən sonra “(Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlər istisna olmaqla)” sözləri əlavə edilsin;

1.2. 1.6-cı bəndə “çərçivəsində” sözündən sonra “(Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlər istisna olmaqla)” sözləri əlavə edilsin;

1.3. 3.1-ci bəndə ikinci halda “işçi qüvvəsinə” sözlərindən sonra “(o cümlədən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində)” sözləri əlavə edilsin;

1.4. 4.4.3-cü yarımbəndə “məlumatları” sözündən sonra “(bu Qaydanın 4.4.3-1-ci yarımbəndində göstərilən məlumatlar istisna olmaqla)” sözləri əlavə edilsin;

1.5. aşağıdakı məzmunda 4.4.3-1-ci yarımbənd əlavə edilsin:

“4.4.3-1. haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi almış Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilərin mənşə ölkələri və iqtisadi fəaliyyət növləri üzrə sayı haqqında məlumatları;”;

1.6. həmin Qaydaya əlavənin ikinci cədvəlinə “o cümlədən, əcnəbilər” sütunundan sonra “onlardan Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb olunması nəzərdə tutulan əcnəbilər” sütunu əlavə edilsin.

2. Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2028-ci il yanvarın 1-dək qüvvədədir. 

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 15 sentyabr 2023-cü il

№ 329

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin