RƏSMİ XRONİKA
“AZƏRBAYCAN RESPUBLİKASINDA SƏHİYYƏNİN MALİYYƏLƏŞDİRİLMƏSİ SİSTEMİNİN İSLAHATI VƏ İCBARİ TİBBİ SIĞORTANIN TƏTBİQİ KONSEPSİYASI”NIN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Son illərdə Azərbaycan Respublikasında həyata keçirilən uğurlu iqtisadi siyasət əhaliyə göstərilən tibbi xidmətlərin müasir standartlara çatdırılması, bu sistemin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlverişli zəmin yaratmışdır. Səhiyyə sahəsində əsas xəstəliklərin profilaktikası üzrə bir sıra dövlət proqramları qəbul edilmiş və onların icrasının maliyyə təminatı məsələləri həll edilmişdir.
Bununla yanaşı, səhiyyə sisteminin maliyyələşdirilməsi prinsipləri üzrə köklü islahatlar həyata keçirilmədən əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin arzuolunan səviyyəyə çatdırılması mümkün deyildir.
Azərbaycan Respublikasının səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarını yaratmaq, bu sahənin idarə olunmasını təkmilləşdirmək, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və icbarı tibbi sığortanın tətbiqinə başlamaq məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
2.1. iki ay müddətində bu Konsepsiyanın həyata keçirilməsi ilə bağlı 2008-2012-ci illəri əhatə edən Tədbirlər Planını hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.2. bu Konsepsiyanın və təsdiq olunması nəzərdə tutulan müvafiq Tədbirlər Planının yerinə yetirilməsinə nəzarəti həyata keçirsin və bu barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. öz səlahiyyətləri daxilində bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 yanvar 2008-ci il.