Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, №12, maddə 972; 2010, №4, maddə 273, №5, maddə 385; 2011, №4, maddə 271) ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 84-1-ci maddə əlavə edilsin:

“84-1. Təşkilat-ştat tədbirlərinin keçirilməsi, yaxud pensiya yaşına çatdığına görə öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verməsi və ya səhhəti (bu Əsasnamənin 82-ci maddəsində nəzərdə tutulmuş hallardan başqa) ilə əlaqədar bu Əsasnamənin 111.5-ci və 111.7-ci maddələrinə əsasən miqrasiya orqanlarında qulluq keçməsinə xitam verilmiş miqrasiya orqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Pensiyaya çıxma ilə əlaqədar verilmiş müavinətdən vergi tutulmur.”.

2. 88-ci maddə aşağıdakı redaksiyada verilsin:

“88. Miqrasiya orqanlarının işçilərinə bu orqanlarda fasiləsiz qulluq illərinə görə Azərbaycan Respublikası daxili işlər orqanlarının polis əməkdaşlarına fasiləsiz xidmət illərinə görə ödənilən haqqın məbləğinə bərabər əlavə haqq ödənilir.”.

3. Aşağıdakı məzmunda 88-1-ci maddə əlavə edilsin:

“88-1. Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2012-ci il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin