Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1720-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1720-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.4-cü maddəsinə uyğun olaraq, “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın layihəsini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

2.2. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 65.2, 115.4 (ikinci halda), 118.3, 118.5-118.8, 118.9 (hər iki halda), 118.11, 118.12, 118.13 (hər üç halda), 118.14, 118.18, 118.22, 118.23, 119.1, 119.3, 119.5 (hər iki halda), 119.7, 119.8, 119.10, 119-1.1, 124.4, 130.2, 130.4 (hər iki halda), 130.5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

2.3. həmin Məcəllənin 118.20-ci və 131.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər;

2.4. həmin Qanunun 114.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər;

2.5. həmin Məcəllənin 115.4-cü (birinci halda) maddəsində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər.

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2019-cu il noyabrın 1-dək mərkəzləşdirilmiş uçota alınan valideyn himayəsindən məhrum olmuş uşaqlar barədə məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bir ay müddətində verilməsini təmin etsinlər.

4. Yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları 2019-cu il noyabrın 1-dək məhkəmələrin icraatında olan övladlığa götürmə ilə bağlı işlər üzrə övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə rəy verilməsinə dair həmin orqanların topladıqları sənədlərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bir ay müddətində verilməsini təmin etsinlər.

5. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 164; 2002, № 7, maddə 412, № 8, maddə 478, № 12, maddə 716; 2003, № 6, maddə 290; 2004, № 7, maddə 526; 2006, № 12, maddə 1034; 2007, № 3, maddə 226, № 11, maddə 1105; 2010, № 5, maddə 393; № 7, maddə 613, № 8, maddə 722; 2019, № 5, maddə 818) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2-ci hissə üzrə:

5.1.1. ikinci abzasdan “115.6,” və “119.2,” rəqəmləri çıxarılsın;

5.1.2. dördüncü abzasdan “118.3, 131.4 (birinci halda),” sözləri çıxarılsın;

5.1.3. doqquzuncu abzasda “114.2 ( birinci halda)” sözləri “114.2, 114.3” rəqəmləri ilə, “115.4 (birinci halda)” sözləri “115.3” rəqəmləri ilə əvəz edilsin və həmin abzasdan “115.7” rəqəmləri, “122.1, 122.4 (birinci halda), 131.4 (ikinci halda), 134.3,” sözləri və “,178.2” rəqəmləri çıxarılsın;

5.1.4. on birinci, on ikinci və on üçüncü abzaslar aşağıdakı redaksiyada verilsin:

“həmin Məcəllənin 65.2, 115.4 (ikinci halda), 118.3, 118.5-118.8, 118.9 (hər iki halda), 118.11, 118.12, 118.13 (hər üç halda), 118.14, 118.18, 118.22, 118.23, 119.1, 119.3, 119.5 (hər iki halda), 119.7, 119.8, 119.10, 119-1.1, 122.1, 124.4, 130.2, 130.4 (hər iki halda), 130.5, 131.2, 133, 134.13, 155.5, 178.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

həmin Məcəllənin 118.20-ci və 131.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər;

həmin Məcəllənin 115.4 (birinci halda), 115.7-ci maddələrində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2019-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin