Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndinə əsasən qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 586, № 12, maddə 835; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddələr 237, 240, 244, № 8, maddə 463; 2004-cü il, № 6, maddə 399; 2005-ci il, № 4, maddə 278; 2006-cı il, № 11, maddə 929; 2007-ci il, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddələr 1197, 1218; 2008-ci il, № 6, maddə 462, № 7, maddələr 602, 607; 2010-cu il, № 3, maddə 171, № 4, maddə 275, № 7, maddə 591) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 12.2-ci maddədə “Azadlığın məhdudlaşdırılması, müəyyən” sözləri “Müəyyən” sözü ilə əvəz edilsin və “xüsusi müəssisənin və ya” sözləri çıxarılsın.

1.2. 12.3-cü maddədən “xüsusi müəssisənin və ya” sözləri çıxarılsın.

1.3. 13.2-ci maddədə “müəssisələri və xüsusi müəssisələrdə” sözləri “müəssisələrində” sözü ilə əvəz edilsin.

1.4. 15.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“15.6. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrasını müvafiq cəzaçəkmə müəssisələri həyata keçirirlər.”.

1.5. 15.10-cu maddədə “Azadlığın məhdudlaşdırılması, intizam” sözləri “İntizam” sözü ilə əvəz edilsin.

1.6. 28.3-cü maddə çıxarılsın.

1.7. 38.2-ci maddədə “azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növləri” sözləri “müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza” sözləri ilə əvəz edilsin;

1.8. 51.4-cü maddədən “azadlığın məhdudlaşdırılması və ya” sözləri çıxarılsın.

1.9. VIII fəsil çıxarılsın;

1.10. 70.2.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“70.2.2. ciddi rejimli cəzaçəkmə müəssisələrindən - ümumi rejimli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə.”.

1.11. Aşağıdakı məzmunda 70.2.3-cü, 70.2.4-cü və 70.3.4-cü maddələr əlavə edilsin:

“70.2.3. ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə.

70.2.4. az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdəbirini çəkdikdə.

70.3.4. ciddi rejimli cəzaçəkmə müəssisələrindən ümumi rejimli cəzaçəkmə müəssisələrinə keçirilmiş şəxslər.”.

1.12. Aşağıdakı məzmunda 89.4-1-ci maddə əlavə olunsun:

“89.4-1. Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən və cəzaçəkmə müəssisəsindən kənarda, yaxud cəzaçəkmə müəssisəsinin istehsalat sahəsində əmək fəaliyyəti ilə məşğul olan məhkuma nümunəvi davranışına, əməyə və təhsilə vicdanlı münasibətinə, təlim-tərbiyə tədbirlərində fəal iştirakına görə cəzaçəkmə müəssisəsi müdiriyyətinin qərarı ilə əmək məzuniyyətini cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda (yalnız Azərbaycan Respublikasının ərazisi hüdudlarında) keçirməyə icazə verilməlidir.”.

1.13. 107.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“107.3. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlara bir ay müddətində müəssisədən kənara çıxmağın və ya üç ay ərzində istirahət və bayram günlərini cəzaçəkmə müəssisəsindən kənarda keçirməyin qadağan edilməsi kimi tənbeh tədbirləri, yaxud bu Məcəllənin 70-ci maddəsində nəzərdə tutulmuş qaydada digər tənbeh tədbirləri tətbiq edilir.”.

1.14. Aşağıdakı məzmunda 108.1-1-ci maddə əlavə edilsin:

“108.1-1. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası qaydalarının qərəzli pozulması, həmçinin aşağıdakı hallar hesab edilir:

108.1-1.1. məhkumun cəzaçəkmə müəssisəsini icazəsiz tərk etməsi;

108.1-1.2. məhkumun üzrsüz səbəbdən ayda iki dəfədən çox cəzaçəkmə müəssisəsinə vaxtında qayıtmaması.”.

1.15. 112.2-ci maddədə “ilk dəfə ağır cinayətlərə görə məhkum olunmuş” sözlərindən sonra “və bu Məcəllənin 70.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada ciddi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş” sözləri əlavə olunsun.

1.16. 113.4-cü maddədə “məhkum olunmuş” sözlərindən sonra “və bu Məcəllənin 70.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada ciddi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş” sözləri əlavə olunsun.

1.17. 118.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“118.1. Məntəqə tipli cəzaçəkmə müəssisələrində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər və bu Məcəllənin 70.2.3 və 70.2.4-cü maddələrində nəzərdə tutulmuş qaydada ümumi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş şəxslər cəza çəkirlər. Ümumi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş ağır və ya az ağır cinayətlərə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər məntəqə tipli cəzaçəkmə müəssisələrində digər məhkumlardan ayrı saxlanılırlar.”.

1.18. 119-cu maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“119.1. Məntəqə tipli cəzaçəkmə müəssisələrində məhkumlar:

119.1.1. mühafizəsiz, lakin nəzarət altında saxlanılırlar;

119.1.2. müəyyən edilmiş nümunəli şəxsiyyəti təsdiq edən sənəd daşıyırlar;

119.1.3. yuxudan durmaq vaxtından yatmaq vaxtınadək müəssisədə sərbəst hərəkət edə bilərlər;

119.1.4. məhdudiyyət qoyulmadan qohumları ilə və başqa şəxslərlə yazışa və görüşə bilər, bağlama, sovqat və ya banderol ala bilərlər;

119.1.5. cəzaçəkmə müəssisəsində gündə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışa bilərlər;

119.1.6. məişətdə istifadə edilən ümumi paltar geyinə, pul və qiymətli şeylər gəzdirə, puldan qeyri-məhdud istifadə edə bilərlər.

119.2. Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumların kommunal, yemək, maddi-məişət, tibbi-sanitariya və digər təminatları dövlət hesabına həyata keçirilir.

119.3. Cəzaçəkmə müəssisəsindən kənarda müəssisəyə yaxın ərazidə işə düzələn və ya ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan məhkumlar cəzaçəkmə müəssisəsinin müdiriyyətinin icazəsi ilə sutkada on iki saatdan artıq olmayan müddətdə müəssisədən kənarda, lakin Azərbaycan Respublikasının ərazisi hüdudlarında nəzarətsiz hərəkət edə bilərlər. Bu halda müəssisənin müdiriyyəti tərəfindən qəbul edilən qərarda hər bir məhkum üçün fərdi şəkildə tərtib olunan cəzaçəkmə müəssisəsindən çıxma və cəzaçəkmə müəssisəsinə qayıtma qrafiki müəyyən edilir.

119.4. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən zəruri hesab edildikdə, cəzaçəkmə müəssisəsindən kənarda işə düzələn və ya təhsil alan məhkumun müvafiq olaraq işdən və ya təhsildən yayınıb-yayınmaması yoxlanılır. Yoxlama nəticəsində məhkumun üzrsüz səbəbdən işdən və ya təhsildən yayınması müəyyən olunarsa, bu Məcəllənin 119.3-cü maddəsində nəzərdə tutulmuş qərar ləğv edilir.”.

1.19. 154.3, 155.2 və 168.1-ci maddələrdən “azadlığın məhdudlaşdırılması,” sözləri çıxarılsın.

1.20. 157.1-ci maddədən “, azadlığın məhdudlaşdırılması” sözləri çıxarılsın.

1.21. 168.2 və 168.4-cü maddələrdə “Azadlığın məhdudlaşdırılması və ya müəyyən” sözləri “Müəyyən” sözü ilə əvəz edilsin.

1.22. 170.6-cı maddədə “, islah işləri və ya azadlığın məhdudlaşdırılması” sözləri “və ya islah işləri” sözləri ilə əvəz edilsin.

1.23. 175.1-ci maddədən “xüsusi müəssisənin və ya” sözləri çıxarılsın.

1.24. 175.2-ci maddə üzrə:

1.24.1. birinci cümlədə “Xüsusi müəssisənin və ya cəzaçəkmə müəssisəsinin müdiriyyəti azadlığın məhdudlaşdırılması,” sözləri “Cəzaçəkmə müəssisəsinin müdiriyyəti” sözləri ilə əvəz edilsin;

1.24.2. ikinci və beşinci cümlələrdən “xüsusi müəssisənin və ya” sözləri çıxarılsın.

1.25. 177-ci maddədə “Azadlığın məhdudlaşdırılması, müəyyən” sözləri “Müəyyən” sözü ilə əvəz edilsin.

Maddə 2. Keçid müddəaları

Bu Qanunun 1.12, 1.13, 1.14 və 1.18-ci maddələri 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2011-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin