Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 115; 2004, № 9, maddə 665; 2006, № 11, maddə 909; 2007, № 10, maddə 928; 2009, № 10, maddə 761, № 12, maddə 944; 2011, № 6, maddə 459, № 8, maddə 749; 2014, № 7, maddə 757; 2016, № 4, maddə 655; 2018, № 11, maddə 2184, № 12 (I kitab), maddə 2480; 2020, № 4, maddə 384; 2023, № 1, maddə 35) aşağıdakı dəyişikliklər edilsin:

1. I fəslin adında “İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİN (OMBUDSMANIN)” sözləri “AZƏRBAYCAN RESPUBLİKASININ İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİNİN (OMBUDSMANIN)” sözləri ilə əvəz edilsin.

2. 1-ci maddə üzrə:

2.1. adına “müvəkkilin” sözündən sonra “(ombudsmanın)” sözü əlavə edilsin;

2.2. 1.1-ci maddədə “müvəkkili vəzifəsi (bundan sonra “Müvəkkil” adlandırılacaq)” sözləri “müvəkkili (ombudsman) vəzifəsi (bundan sonra – Müvəkkil)” sözləri ilə, “dövlət və yerli özünüidarə orqanları,” sözləri “dövlət orqanları, bələdiyyələr, habelə dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər) və büdcə təşkilatları (bundan sonra – dövlət orqanları, bələdiyyələr və digər qurumlar), onların” sözləri ilə əvəz edilsin;

2.3. 1.3-cü maddədə “informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin” sözləri “dövlət orqanlarının, bələdiyyələrin, publik hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin (bundan sonra – informasiya sahibləri)” sözləri ilə əvəz edilsin;

2.4. aşağıdakı məzmunda 1.3-1-ci maddə əlavə edilsin:

“1.3-1. Müvəkkil “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.”;

2.5. 1.4-cü maddədə “əməkdaşlıq edir” sözləri “, habelə xarici ölkələrin insan hüquqları təsisatları ilə əməkdaşlıq edə, bu məqsədlə müqavilələr bağlaya, beynəlxalq qurumlarda təmsil oluna bilər” sözləri ilə əvəz edilsin;

2.6. aşağıdakı məzmunda 1.11-ci maddə əlavə edilsin:

“1.11. Müvəkkil insan hüquqları sahəsində dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesinin təhlilini apara, rəy və təkliflərini müvafiq sahədə monitorinq və qiymətləndirməni həyata keçirən quruma təqdim edə bilər.”.

3. 3.4-cü maddədə “gün” sözü “iş günü” sözləri ilə əvəz edilsin.

4. 4.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“4.3. Müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisinə yeni Müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Azərbaycan Respublikasının Milli Məclisi 15 gün müddətində Müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.”.

5. 5-ci maddə üzrə:

5.1. 5.2.3-cü maddədə “hər hansı dövlət və ya yerli özünüidarə orqanı, vəzifəli şəxs” sözləri “dövlət orqanları, bələdiyyələr və digər qurumlar, onların vəzifəli şəxsləri” sözləri ilə əvəz edilsin;

5.2. 5.3-cü maddəyə “hərbi vəziyyətin” sözlərindən sonra “, habelə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin” sözləri əlavə edilsin.

6. 6.4-cü maddəyə “poçt-teleqraf” sözlərindən sonra “və elektron” sözləri əlavə edilsin.

7. II fəslin adında “VƏ MİLLİ PREVENTİV MEXANİZMİN” sözləri “, MİLLİ PREVENTİV MEXANİZMİN VƏ MÜSTƏQİL MONİTORİNQ MEXANİZMİNİN” sözləri ilə əvəz edilsin.

8. 8-ci maddə üzrə:

8.1. 8.1-ci maddədə “ərizəçi” adlandırılacaq” sözləri “ – ərizəçi” sözü ilə əvəz edilsin;

8.2. 8.2-ci maddənin birinci cümləsinə “qeyri-hökumət təşkilatları” sözlərindən sonra “(ictimai birliklər və fondlar), media subyektləri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri (bundan sonra – vətəndaş cəmiyyəti institutları)” sözləri əlavə edilsin və həmin maddənin ikinci cümləsində “qeyri-hökumət təşkilatları” sözləri “vətəndaş cəmiyyəti institutları” sözləri ilə əvəz edilsin;

8.3. 8.5-ci maddədə “saxlanılma yerlərində” sözləri “saxlama yerlərində, qarnizon hauptvaxtlarında, qanunsuz miqrantların saxlanılması mərkəzlərində, habelə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərdə, o cümlədən müvafiq tibb və təhsil müəssisələrində (bundan sonra – şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlər)” sözləri ilə əvəz edilsin.

9. 12-ci maddə üzrə:

9.1. 12.1-ci maddənin birinci cümləsində “orqanın” sözü “dövlət orqanının, bələdiyyənin və digər qurumun” sözləri ilə əvəz edilsin;

9.2. 12.2.1-ci maddədə “dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına, hərbi hissələrə, habelə polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qarnizon hauptvaxtlarına, psixiatriya müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə” sözləri “dövlət orqanlarına, bələdiyyələrə və digər qurumlara, hərbi hissələrə, polis orqanlarına, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə” sözləri ilə əvəz edilsin, həmin maddəyə ikinci halda “saxlanılan” sözündən sonra “və ya əvvəllər saxlanılmış” sözləri, “protokollaşdırmaq;” sözündən sonra “texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq;” sözləri əlavə edilsin;

9.3. 12.2.2-ci maddədə “dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən” sözləri “dövlət orqanlarından, bələdiyyələrdən və digər qurumlardan, onların vəzifəli şəxslərindən” sözləri ilə əvəz edilsin;

9.4. 12.2.5-ci maddədə “orqana” sözü “dövlət orqanına, bələdiyyəyə və digər quruma” sözləri ilə əvəz edilsin;

9.5. 12.2.7-ci maddədə “dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının rəhbərləri və digər vəzifəli şəxsləri, hərbi hissələrin komandirləri, polis bölmələrinin, müvəqqəti saxlama yerlərinin, istintaq təcridxanalarının, cəzaçəkmə müəssisələrinin, qarnizon hauptvaxtlarının, psixiatriya müəssisələrinin, qanunsuz miqrantların saxlanılması mərkəzlərinin və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərin” sözləri “dövlət orqanlarının, bələdiyyələrin və digər qurumların rəhbərləri və digər vəzifəli şəxsləri, hərbi hissələrin komandirləri, polis orqanlarının, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərin” sözləri ilə əvəz edilsin, həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 12.2.8-ci və 12.2.9-cu maddələr əlavə edilsin:

“12.2.8. şikayət üzrə yerində araşdırma aparmaq və nəticələrini sənədləşdirmək;

12.2.9. bu Konstitusiya Qanununun II fəsli ilə müəyyən edilmiş qaydada şikayətlərə baxılması, milli preventiv mexanizmin və müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi zamanı hüquq pozuntularının qarşısının alınması və aşkar edilmiş pozuntuların aradan qaldırılması məqsədilə dövlət orqanlarının, bələdiyyələrin və digər qurumların nümayəndələrini dəvət etməklə tədbirlər görmək.”.

10. 13-cü maddə üzrə:

10.1. 13.1-ci maddədə “5” rəqəmi “10” rəqəmləri ilə əvəz edilsin;

10.2. 13.2.1-ci maddədə “dövlət və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən” sözləri “dövlət orqanlarından, bələdiyyələrdən və digər qurumlardan, onların vəzifəli şəxslərindən” sözləri ilə, “orqanlar” sözü “dövlət orqanları, bələdiyyələr və digər qurumlar” sözləri ilə əvəz edilsin;

10.3. 13.2.4-cü maddədə “orqanlara” sözü “dövlət orqanlarına, bələdiyyələrə və digər qurumlara” sözləri ilə əvəz edilsin;

10.4. 13.2.7-ci maddədə “dövlət və yerli özünüidarə orqanının” sözləri “dövlət orqanının, bələdiyyənin və digər qurumun” sözləri ilə əvəz edilsin.

11. 13-1-ci maddə üzrə:

11.1. 13-1.2.1-ci və 13-1.2.3-cü maddələrdə “sahibi olan dövlət orqanının, yerli özünüidarə orqanının və ya vəzifəli şəxsin” sözləri “sahibinin” sözü ilə əvəz edilsin;

11.2. 13-1.3-cü və 13-1.5-ci maddələrdən “olan dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs” sözləri çıxarılsın;

11.3. 13-1.4-cü maddədə “sahibi olan dövlət orqanından, yerli özünüidarə orqanından və ya vəzifəli şəxsdən” sözləri “sahibindən” sözü ilə əvəz edilsin;

11.4. aşağıdakı məzmunda 13-1.6-cı maddə əlavə edilsin:

“13-1.6. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxarkən informasiya sahiblərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb edə bilər. Həmin məlumatlar (sənədlər, materiallar) 5 iş günü müddətində Müvəkkilə təqdim edilməlidir.”.

12. Aşağıdakı məzmunda 13-2-ci və 13-3-cü maddələr əlavə edilsin:

“Maddə 13-2. Milli preventiv qrup

13-2.1. Bu Konstitusiya Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi məqsədilə Müvəkkilin aparatında Milli preventiv qrup yaradılır. Yaşı 25-dən aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olan şəxslər Milli preventiv qrupun üzvü təyin olunurlar. Milli preventiv qrupun üzvləri Müvəkkil tərəfindən 3 il müddətinə şəffaf prosedurlar əsasında təyin olunurlar.

13-2.2. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxs Milli preventiv qrupun üzvü təyin oluna bilməz.

13-2.3. Milli preventiv qrup aşağıdakı hüquqlara malikdir:

13-2.3.1. istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis orqanlarına, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə daxil olmaq, saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq;

13-2.3.2. polis orqanlarının, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək;

13-2.3.3. milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi zamanı hüquq pozuntularının qarşısının alınması və aşkar edilmiş pozuntuların aradan qaldırılması məqsədilə dövlət orqanlarının, bələdiyyələrin və digər qurumların nümayəndələrini dəvət etməklə tədbirlər görmək.

13-2.4. Milli preventiv qrupun üzvü öz funksiyalarını həyata keçirməsi ilə əlaqədar ona məlum olmuş faktlar barəsində ifadə verməyə və ya hər hansı digər üsulla bu faktları açıqlamağa məcbur edilə bilməz. Bu təminat Milli preventiv qrupun üzvü qrupun tərkibindən çıxdıqdan sonra da qüvvədə qalır.

13-2.5. Milli preventiv qrupun üzvü saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə öz funksiyalarını həyata keçirərkən tutula və ya saxlanıla bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Milli preventiv qrupun üzvünün poçt, teleqraf və digər göndərişlərinin, habelə elektron yazışmalarının üzərinə həbs qoyulmasına, onların yoxlanılmasına və ya götürülməsinə yol verilmir.

Maddə 13-3. Müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsinin xüsusiyyətləri

13-3.1. Müvəkkil insan hüquq və azadlıqlarının təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqi, pozuntu hallarının qarşısının alınması məqsədilə bu Konstitusiya Qanununun 1.3-1-ci maddəsinə uyğun olaraq müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.

13-3.2. Müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi məqsədilə Müvəkkilin aparatında monitorinq qrupları yaradılır. Monitorinq qruplarının üzvləri bu Konstitusiya Qanununun 13-2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təyin olunurlar.

13-3.3. Müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirən zaman Müvəkkilin və monitorinq qrupunun aşağıdakı hüquqları vardır:

13-3.3.1. dövlət orqanlarında, bələdiyyələrdə və digər qurumlarda monitorinqlər həyata keçirmək, zəruri məlumatlarla (sənədlərlə, materiallarla) yerində tanış olmaq və surətlərini almaq;

13-3.3.2 dövlət orqanlarından, bələdiyyələrdən və digər qurumlardan, onların vəzifəli şəxslərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb etmək və 5 iş günü müddətində almaq;

13-3.3.3. həyata keçirilən monitorinqin nəticələrini sənədləşdirmək;

13-3.3.4. dövlət orqanlarına, bələdiyyələrə və digər qurumlara, onların vəzifəli şəxslərinə monitorinqin nəticələri ilə əlaqədar tövsiyələr vermək;

13-3.3.5. vətəndaş cəmiyyəti institutlarını, müstəqil ekspertləri və mütəxəssisləri monitorinq qruplarının fəaliyyətinə cəlb etmək.

13-3.4. Müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi zamanı aşkar edilmiş insan hüquqlarının pozulması faktlarına bu Konstitusiya Qanununun 12-ci, 13-cü, 13-1-ci və 15-ci maddələri ilə müəyyən edilmiş qaydada baxılır.”.

13. 14.2-ci maddədə “dövlət və yerli özünüidarə orqanlarının” sözləri “dövlət orqanlarının, bələdiyyələrin və digər qurumların” sözləri ilə əvəz edilsin.

14. 15-ci maddə üzrə:

14.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

“Maddə 15. Müvəkkilin fəaliyyətində konfidensiallığın təmin olunması”;

14.2. 15.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“15.1. Müvəkkilin fəaliyyəti ilə əlaqədar ona, milli preventiv qrupun və müstəqil monitorinq qrupunun üzvlərinə, Müvəkkilin aparatının və regional mərkəzlərinin işçilərinə məlum olan dövlət sirri təşkil edən məlumatların, istintaq, məhkəmə, vergi, bank və kommersiya sirlərinin, eləcə də qanunla əldə olunmasına məhdudiyyət qoyulan digər məlumatların mühafizəsi bu sahədə münasibətləri tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir.”.

15. Aşağıdakı məzmunda 16.6-1-ci maddə əlavə edilsin:

“16.6-1. Müvəkkil 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir.”.

16. 17.3-cü maddədə “Aparat” sözü “Müvəkkilin aparatı” sözləri ilə əvəz edilsin.

17. 18-1-ci maddə ləğv edilsin.

18. 20-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 20. Müvəkkilin, milli preventiv qrupun və müstəqil monitorinq qruplarının qanuni fəaliyyətinə maneə törədilməsinə görə məsuliyyət

Müvəkkilin, milli preventiv qrupun və müstəqil monitorinq qruplarının qanuni fəaliyyətinin məhdudlaşdırılması və ya fəaliyyətinə müdaxilə qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyun 2023-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin