Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndinə əsasən qərara alır:

Azərbaycan Respublikası Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №4, I kitab, maddə 250, №5, maddə 323; 2002, №12, maddə 709; 2003, №8, maddə 420; 2004, №3, maddə 123, №5, maddə 318, №6, maddə 415, №10, maddə 761, №11, maddə 901; 2005, №2, maddə 61, №6, maddə 466, №8, maddələr 684, 692, 693, №11, maddə 996, №12, maddə 1085; 2006, №2, maddə 68, №3, maddə 225, №5, maddə 387, №6, maddə 478, №8, maddə 657, №12, maddə 1005; 2007, №2, maddə 80, №6, maddə 560, №8, maddə 745, №10, maddə 937, №11, maddə 1053, №12, maddələr 1215, 1219; 2008, №3, maddə 145, №6, maddə 456, №7, maddə 602, № 12, maddə 1049; 2009, №2, maddə 47, №5, maddə 295, №6, maddə 404, №7, maddə 517; 2010, №2, maddə 75, №3, maddə 171, №4, maddələr 265, 266, 276) aşağıdakı dəyişikliklər edilsin:

1. aşağıdakı məzmunda 139-1-ci maddə əlavə edilsin:

“Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət

qeydiyyatı üçün əsaslar

139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:

139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol;

139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;

139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;

139-1.1.5. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;

139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər;

139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.”;

2. 144.2-ci maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

“Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.”.

3. aşağıdakı məzmunda 144.2-1-ci maddə əlavə edilsin:

“144.2-1. Notarius daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqaviləni təsdiqlədikdən sonra iki iş günü müddətində həmin müqavilənin bir nüsxəsini sifarişli poçt göndərişi vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına göndərir.”.

4. 144.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“144.3. Notarius təsdiq etdiyi müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir. Müraciət edən şəxsin istəyi ilə notarius daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsini müqavilə (zərurət olduqda - bu Məcəllənin 139-1-ci maddəsində nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatı üçün digər əsasları əks etdirən sənədlər), torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə qəbz ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərir (bu halda bu Məcəllənin 144.2-1-ci maddəsinin müqavilənin nüsxəsinin göndərilməsi ilə bağlı müddəaları tətbiq edilmir).”.

5. 747-5.1-ci maddədə “746-5.2-ci” sözləri “747-5.2-ci” sözləri ilə əvəz edilsin.

6. 965.2.1-ci və 965.2.2-ci maddələrdə “nəzərdə tutan” sözlərindən sonra “sənədlər və yaxud bu sənədlər əsasında verilən” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2011-ci il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin