Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 17, № 5, maddə 323; 2002-ci il, № 5, maddə 236; 2003-cü il, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004-cü il, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005-ci il, № 4, maddələr 277, 278; 2006-cı il, № 2, maddə 64, № 12, maddə 1006; 2007-ci il, № 1, maddələr 3, 4, № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756; 2008-ci il, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1046; 2009-cu il, № 6, maddə 402; 2010-cu il, № 2, maddə 75, № 4, maddə 276) 437-ci maddəsinin mətni aşağıdakı redaksiyada verilsin:

“437.1. Ərizəyə ilkin olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən təyin edilən 5 hakimdən ibarət məhkəmə tərkibi baxır. Məhkəmə tərkibinə daxil olan hakim tərəfindən işə baxılmasına yol verilməyən hallar olduqda, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri həmin hakimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən təyin edilən 5 ehtiyat hakimdən biri ilə əvəz edir.

437.2. Məhkəmə tərkibi ərizəyə baxaraq aşağıdakı qərardadlardan birini qəbul edir:

437.2.1. ərizənin məzmununa dair bu Məcəllənin 435-ci maddəsinin tələblərinə riayət edilmədikdə, ərizənin qaytarılması haqqında (ərizə vermiş şəxs onun qaytarılmasına səbəb olmuş nöqsanları aradan qaldırdıqdan sonra yenidən ərizə verə bilər);

437.2.2. bu Məcəllənin 432.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadıqda, ərizənin rədd edilməsi haqqında;

437.2.3. ərizənin məzmununa dair bu Məcəllənin 435-ci maddəsinin tələblərinə riayət edildikdə və bu Məcəllənin 432.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, ərizənin iş ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi haqqında.

437.3 Bu Məcəllənin 437.2-ci maddəsində nəzərdə tutulmuş qərardadlardan şikayət verilə bilməz.

437.4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu yeni açılmış hallar üzrə məhkəmə aktına yenidən baxılması haqqında ərizəyə məhkəmə iclasında baxır. Ərizəçiyə və işdə iştirak edən digər şəxslərə Plenum iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilir. Lakin onların gəlməməsi ərizəyə baxılmasına mane olmur.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2011-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin