RƏSMİ XRONİKA
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səfəri
Argentinanın xarici işlər naziri ilə görüş
Nyu-York, 4 may (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, ABŞ-da işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Nyu-Yorkda Argentinanın xarici işlər naziri Hektor Timerman ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Argentina arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu vurğulandı.
Argentinanın iş adamlarının yaxın zamanlarda Azərbaycana həyata keçirəcəkləri səfərin iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətinin qeyd olunduğu görüşdə əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edildi.