RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu,
Milli bayram - Respublika günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Ukrayna xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Bu il yubiley tarixi qeyd olunur - Azərbaycan Milli Şurasının Azərbaycan Xalq Cümhuriyyətini elan etdiyi gündən 90 il ötür. Azərbaycan uğurla həyata keçirdiyi xarici və daxili siyasət sayəsində bu gün dünyada böyük nüfuza malikdir.
Ukrayna-Azərbaycan münasibətlərinin tarixi qədimdir və onların bugünkü səviyyəsi dostluğun, mehriban qonşuluğun və qarşılıqlı köməyin möhkəmlənməsi naminə birgə səylər və qarşılıqlı addımlar sayəsində əldə olunmuşdur.
Bu yaxınlarda Sizin Ukraynaya rəsmi səfəriniz zamanı görüşümüzü böyük məmnuniyyətlə xatırlayıram və inanıram ki, əldə olunmuş razılaşmaların, o cümlədən Ukrayna və Azərbaycan Respublikası Prezidentləri Şurası çərçivəsində razılaşmaların reallaşdırılması strateji tərəfdaşlığın bundan sonra da dərinləşməsinə və ölkələrimiz arasında bütün sahələrdə konstruktiv, qarşılıqlı surətdə faydalı əməkdaşlığın inkişafına kömək edəcəkdir.
Çox hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və məsul dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
Viktor Yuşşenko
Ukraynanın Prezidenti