SİYASƏT
Azərbaycan səfiri İtaliya jurnalına müsahibəsində ölkəmizdəki inkişaf proseslərindən danışıb
Roma, 20 oktyabr, AZƏRTAC
İtaliyanın “Progress time” onlayn jurnalında Azərbaycanın bu ölkədəki səfiri Vaqif Sadıqovun müsahibəsi yayılıb. Azərbaycan-İtaliya münasibətləri, ölkəmizin inkişafı və digər mövzularda fikirlərini bölüşən səfir əlaqələrimizin qədim tarixə söykəndiyini bildirib.
V.Sadıqov vurğulayıb ki, ölkələrimiz arasında əməkdaşlıq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra daha da inkişaf edib. İtaliya Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkələrindən biridir. Birgə iştirakçısı olduğumuz bir sıra mədəni layihələr reallaşır. Bu sırada Veronada təşkil olunmuş “İpək Yolundan musiqi yolu ilə” adlı Azərbaycan musiqisi konsertini, “Milan Expo 2015” Ümumdünya Sərgisini və “Venesiya Biennalesi” Beynəlxalq İncəsənət Sərgisini xüsusi vurğulamaq lazımdır. Cari ilin iyununda Azərbaycanın ev sahibliyi etdiyi ilk Avropa Oyunlarında İtaliya ən böyük nümayəndə heyəti ilə təmsil olunan ölkələrdən biri idi. Azərbaycan zəngin irsə malik İtaliyanın mədəni həyatına da töhfə verir. Belə ki, ölkəmiz Vatikan katakombalarının və Romanın Kapitolini muzeyinin “Filosoflar zalı”nın bərpasına dəstək verib.
Ölkələrimiz arasında iqtisadi əlaqələrdən danışan V.Sadıqov diqqətə çatdırıb ki, İtaliya Azərbaycanın önəmli ticarət tərəfdaşıdır. Dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərləri siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir. Xüsusilə, 2014-cü ildə Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri çərçivəsində qəbul olunmuş “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” əməkdaşlığımızın daha da genişləndirilməsinə təkan verir. Bu gün xeyli sayda İtaliya şirkəti Azərbaycanda müxtəlif istiqamətlərdə, xüsusilə neft-kimya, mühəndislik, infrastruktur, tikinti, ərzaq sənayesi, kənd təsərrüfatı, turizm və digər sahələrdə fəaliyyət göstərməyə maraqlıdır.
Ölkəmizin inkişaf istiqamətləri barədə məlumat verən səfir Azərbaycanın Cənubi Qafqazda lider dövlət olduğunu vurğulayıb. Azərbaycanın iqtisadi inkişaf göstəricilərini konkret faktlarla qeyd edən V.Sadıqov bildirib ki, ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində işsizliyin səviyyəsi aşağı düşüb, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm işlər görülüb. O deyib ki, Azərbaycanda, həmçinin turizm və idman sahələrində mühüm tərəqqi əldə olunub. İlk Avropa Oyunları Azərbaycanın idman potensialını bütün dünyaya nümayiş etdirməyə imkan yaratdı.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma