SİYASƏT
Azərbaycan-Ukrayna əlaqələri: Ötən 25 il mühüm uğurlarla xarakterizə olunur
Bakı, 23 fevral, AZƏRTAC
Ukrayna parlamentində Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin 25 illiyinə həsr olunan “dəyirmi masa” təşkil edilib.
Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə keçirilən tədbirdə hər iki ölkənin deputatları, rəsmi şəxslər, elm və mədəniyyət xadimləri, diaspor və media təmsilçiləri iştirak ediblər.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, ölkələrimiz arasında diplomatik əlaqələrin yaradıldığı 25 illik müddətdə əldə edilən uğurlardan söz açan səfir Azər Xudiyev ikitərəflı strateji münasibətlərin möhkəm əsaslar üzərində qurulmasında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi diqqət ayırdığını nəzərə çatdıran səfir hər iki dövlətin beynəlxalq arenada eyni mövqedən çıxış edərək bir-birinə dəstək verməsini müstəqillik tariximizin uğuru kimi dəyərləndirib.
Azərbaycanı bölgədə Ukraynanın ən etibarlı dostu və strateji müttəfiqi adlandıran Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy ölkələrimiz arasındakı iqtisadi, siyasi, elmi, mədəni, hərbi, texniki əməkdaşlığın inkişaf dinamikasından söz açıb. Bu günlərdə Ukrayna parlamenti nümayəndə heyətinin ölkəmizdə işgüzar səfərdə olduğunu diqqətə çatdıran deputat son illər Azərbaycanın böyük inkişaf yolu keçərək Şərqi Avropanın ən aparıcı ölkələrindən birinə çevrilməsinin fərəhləndirici hal olduğunu bildirib. Müstəqillik illərində Azərbaycanın keçdiyi yolun heç də hamar olmadığını, xalqımızın 20 Yanvar faciəsi və Xocalı soyqırımı ilə üzləşdiyini bildirən M.Kuryaçiy bu ağır günlərdə Ukraynanın daim Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb.
Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov 25 il bundan öncə ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımından bəhs edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirdiyi tədbirlər nəticəsində dünyanın bir sıra ölkələrinin parlamentlərinin Xocalı soyqırımını tanıdığını bildirən deputat qəddarlıq baxımından XX əsrin ən amansız qətliamı olan Xocalı faciəsinin Ukrayna parlamenti tərəfindən də soyqırımı aktı kimi qəbul olunmasının vacibliyini bildirib.
Tədbirdə Ukrayna parlamentinin deputatı Oleq Medunitsa, Milli Məclisin deputatları Rasim Musabəyov, Şahin İsmayılov, Taras Şevçenko adına Kiyev Milli Universitetinin prorektoru Bek Pyotr, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və digər çıxış edənlər Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən söz açıb, ikitərəfli diplomatik münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar .