SİYASƏT
Azərbaycan və Rusiya hökumətləri arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi məsələsi müzakirə olunmuşdur
Bakı, 25 aprel (AZƏRTAC). Aprelin 25-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə MDB Elektroenergetika Şurasının növbəti iclasında iştirak etmək üçün Bakıya gəlmiş Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak ilə görüşmüşdür.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə enerji təhlükəsizliyinin təmin olunmasında həyata keçirilən beynəlxalq tədbirlərin, iqtisadi tərəqqiyə təkan verən irimiqyaslı enerji layihələrinin böyük əhəmiyyəti vurğulanaraq qeyd edilmişdir ki, iqtisadiyyatın inkişafı ümumən ölkədə sosial proqramların sürətli həllinə imkan yaradır. Bu baxımdan üzv ölkələrin enerji sistemlərinin işinin yekunları, qarşılıqlı əməkdaşlıq, enerji səmərəliliyi, bərpa olunan enerji mənbələri, ekoloji təhlükəsizlik məsələləri və gələcək fəaliyyət planının müzakirəyə çıxarıldığı MDB Elektroenergetika Şurasının 45-ci iclasının işinin əhəmiyyəti qeyd edilmişdir.
Söhbət zamanı, həmçinin Azərbaycan və Rusiya hökumətləri arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanmışdır. Ölkələrimiz arasında qonşuluq münasibətlərinin milli mənafelər nəzərə alınmaqla bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunmuşdur.
Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak Şuranın iclası çərçivəsində Rusiya-Azərbaycan-İran enerji dəhlizinin yaradılması barədə ekspertlər səviyyəsində aparılan danışıqlar haqqında Azərbaycanın Baş nazirinə ətraflı məlumat vermişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulmuş, problemin beynəlxalq hüquq normaları çərçivəsində, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi şərtləri daxilində həllinə alternativ olmadığı bir daha diqqətə çatdırılmışdır.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.