MƏDƏNİYYƏT
Azərbaycan Xalça Muzeyində "Bakı xalçaları. Yeni çeşnilər" sərgisi çərçivəsində rəssamlarla görüş keçirilib
Bakı, 13 aprel, Flora Şükürova, AZƏRTAC
Aprelin 13-də Azərbaycan Xalça Muzeyində “Bakı xalçaları. Yeni çeşnilər” sərgisi çərçivəsində xalçaçı rəssamlarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə sərgidəki yeni çeşnilər haqqında müzakirə, həmçinin ekspertlərlə fikir mübadiləsi aparılıb. Tədbirdə Azərbaycan Xalça Muzeyinin Elmi Şurasının üzvləri, Zirə Mədəniyyət Mərkəzi-Eko Parkın əməkdaşları, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Rəssamlıq Kollecinin tələbələri iştirak ediblər.
Çeşnilərin müəllifləri - Zirə Mədəniyyət Mərkəzi-Eko Parkın xalçaçı rəssamları yeni ornamentlər haqqında ətraflı məlumat veriblər. Habelə “Bakı xalçaları. Yeni çeşnilər” kitabında mətnin müəllifi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının incəsənət tarixi kafedrasının professoru Kübra Əliyeva Bakı xalçalarının özəlliyi, ornamentləri və rəng çalarlarından danışıb.
Daha sonra suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Azərbaycan Xalça Muzeyində aprelin 4-də “Bakı xalçaları. Yeni çeşnilər” kitabının təqdimatı olub, yeni hazırlanmış xalça və çeşnilərdən ibarət sərgi açılıb. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Azərbaycan Xalça Muzeyi və Zirə Mədəniyyət Mərkəzi-Eko-Parkın təşkilatçılığı ilə keçirilib. Sərgidə Bakı qrupu xalçalarının klassik kompozisiyaları, rəng və naxışsalma ənənələri nəzərə alınaraq, Bakıətrafı kəndlərin yeni rəmzi işarələri, simvolik obrazları əsasında ərsəyə gətirilmiş xalçalar nümayiş olunur. Rəssamlar çeşnilərdə Bakı kəndlərinin özünəməxsus yaşam və düşüncə tərzini, tarixi rəmzlərini xalça elementlərinə çevirməklə Azərbaycan xalçaçılıq ənənələrini zənginləşdiriblər.
Sərgi aprelin 15-dək davam edəcək.