İQTİSADİYYAT
Azərbaycanda Amerika Ticarət Palatası ölkədə aparılan vergi islahatlarını dəstəkləyir
Bakı, 10 avqust, AZƏRTAC
Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") ölkədə aparılan vergi islahatlarını dəstəkləyir.
"AmCham"dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda "AmCham"ın icraçı direktoru Natəvan Məmmədova qanunvericilikdə ediləcək dəyişiklikləri yüksək qiymətləndirərək deyib: "Palatamız tərəfindən hökumətə vergi inzibatçılığının təkmilləşdirilməsi və ölkədə biznes mühitinin yaxşılaşdırılmasına dair cari ilin əvvəlində təqdim edilən təkliflərin əksəriyyəti Prezident İlham Əliyevin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" 4 avqust 2016-cı il tarixli Sərəncamında öz əksini tapıb".
"AmCham" hesab edir ki, digər mühüm məsələlərlə yanaşı, sərəncamda vergi inzibatçılığı prosedurlarının yüngülləşdirilməsi və vergi yükünün azaldılması, "vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması" ("Advance tax ruling") qaydasının müəyyən edilməsi, kameral vergi yoxlamalarının vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməsi və bu müddət başa çatdıqda həmin vergi öhdəliklərinin hüquqi bəyannamələr üzrə kameral vergi yoxlamalarının qadağan olunması, "Könüllü vergi açıqlaması" ("Voluntary tax disclosure") sisteminin tətbiqi və təşviqi mexanizminin hazırlanması, Azərbaycan ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı qaydalarının sadələşdirilməsi kimi qeyd olunmuş müddəalar olduqca vacibdir və ölkədə biznes mühitinin daha da yaxşılaşmasına xidmət edəcək.
"AmCham" və palataya üzv şirkətlər ölkə hökumətinin 2016-cı ildə apardığı islahatlardan ilhamlanaraq sözügedən sərəncamda nəzərdə tutulan tapşırıqların icrası üçün malik olduğu bütün bilik və təcrübələrini təmin edərək əməkdaşlığa hazırdır.
Qeyd edək ki, Azərbaycanda "AmCham" üzv şirkətlərin biznes maraqlarının inkişaf etdirilməsi, onlara lazımi xidmətlərin göstərilməsi və Azərbaycanda biznes mühitinin yaxşılaşması məqsədilə 1996-cı ildən etibarən fəaliyyət göstərir.