MƏDƏNİYYƏT
Azərbaycanda Nar bayramı rusiyalı turistlərin nəzərində ən yaxşı və populyar qastronomik bayramların ilk üçlüyünə başçılıq edir
Bakı, 3 oktyabr, AZƏRTAC
“TurStat” analitik agentliyi Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrdə rusiyalı turistlərin nəzərində ən yaxşı və populyar olan qastronomik bayramların və festivalların payızın ortaları üçün reytinqini təqdim edib.
AZƏRTAC analitik agentliyə istinadla xəbər verir ki, 2018-ci ilin payız aylarının ortalarında MDB ölkələrində qastroturizm üçün populyar turların ilk üçlüyünə Azərbaycan başçılıq edib.
Reytinq turların populyarlığı və hadisələrin unikallığı baxımından təhlilinin nəticələrinə görə tərtib edilib.
Bu il Nar bayramı oktyabrın 26-dan noyabrın 7-dək Göyçayda keçiriləcək. Bayramın gedişində təşkil olunacaq nar yarmarkasında iştirakçılara bu meyvənin 60-dan artıq növü təklif ediləcək. Onlar, həmçinin Azərbaycan mətbəxinin ləziz təamlarından dada biləcəklər. Tədbirdə folklor qruplarının, idmançıların, mahnı və rəqs kollektivlərinin çıxışları olacaq, müxtəlif müsabiqələr keçiriləcək.