SİYASƏT
Azərbaycandakı tolerantlıq və insansevərlik mühiti dünyanın bütün ölkələrinə nümunə ola bilər
Bakı, 25 aprel (AZƏRTAC). Azərbaycandakı tolerantlıq və insansevərlik mühiti dünyanın bütün ölkələrinə nümunə ola bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri aprelin 25-də İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz jurnalistlərə açıqlamasında demişdir.
Diplomat bildirmişdir ki, buna sübut kimi yəhudilərin Azərbaycanda necə yaşamasını göstərmək olar. Səfir demişdir ki, hazırda Azərbaycan ilə İsrail arasında bir çox sahələrdə mövcud əlaqələr çox mükəmməl və möhkəmdir. Hər iki ölkə tərəfindən bu münasibətlərin möhkəmlənməsi və daha çox sahəni əhatə etməsi ilə bağlı işlər görülür.
R.Harpaz diqqətə çatdırmışdır ki, Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli Albert Aqarunovun doğum günü münasibətilə anma tədbirinin yüksək səviyyədə qeyd olunması yəhudi icmasına Azərbaycanda yüksək münasibətin olduğunu bir daha nümayiş etdirir.