MƏDƏNİYYƏT
Azərbaycanın böyük satirik şairi İstanbulda anılıb
Bakı, 28 aprel, AZƏRTAC
İstanbulda XX əsr türk dünyasının ən böyük satirik şairlərindən sayılan Mirzə Ələkbər Sabirin 155 illiyinə həsr olunmuş tədbir keçirilib.
Mirzə Ələkbər Sabir Fondunun dəstəyi ilə gerçəkləşən tədbirdə İstanbul Azərbaycan Mədəniyyət Evinin rəhbəri Hikmət Elp şairin poeziyamızdakı xidmətlərindən və onun şeirlərinin ictimai əhəmiyyətinə danışıb.
Mirzə Ələkbər Sabir Fondundan AZƏRTAC-a bildirilib ki, “Marmara Universitetinin Türkiyyat Araşdırmaları İnstitutunun rəhbəri, professor Okan Yeşilot Sabirin həyat və yaradıcılığından danışaraq, onun yaşadığı ictimai-siyasi mühit haqqında geniş məlumat verib.
O.Yeşilot Mirzə Fətəli Axundzadədən, Həsən bəy Zərdabidən başlayan maarifçilik hərəkatına toxunaraq Sabiri yetişdirən mühiti ətraflı şəkildə təhlil edib. “Sabir yazdığı hər şeyi yaşamışdır” deyən natiq şairi düzgün anlamağın vacibliyini qeyd edib.
Azərbaycanın İstanbuldakı konsulluğunun nümayəndəsi Xəyyam Daşdəmirov ölkəmizdə Sabirin yaradıcılığına verilən dəyərdən danışaraq böyük şairin yubileylərinin hər zaman silsilə tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırıb.
Tədbirdə rejissor, aktyor Elçin İmanov tərəfindən şairin poeziyasından bir sıra nümunələr səsləndirilib.