SİYASƏT
Azərbaycanın bugünkü uğurları ulu öndər Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü siyasətin nəticəsidir
Yevlax, 25 aprel (AZƏRTAC). Yevlax Rayon Telekommunikasiya Qovşağında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət etmiş, önünə tər çiçəklər düzmüşlər.
Tədbirdə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dahi rəhbərin həyat və fəaliyyətindən bəhs edən film göstərilmişdir.
YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev, telekommunikasiya qovşağının əməkdaşı Nurlana Talıbova, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı və başqaları tədbirdə çıxış edərək müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin şərəfli ömür yolundan, dövlətçiliyimizin möhkəmləndirilməsində, ölkə iqtisadiyyatının, rabitə və telekommunikasiya sahəsinin inkişafında əvəzsiz xidmətlərindən danışmışlar. Bildirilmişdir ki, Azərbaycanın bu gün bütün sahələrdə əldə etdiyi uğurlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü siyasətin nəticəsidir.
Tədbirin sonunda telekommunikasiya qovşağının bir qrup əməkdaşına YAP rayon təşkilatının fəxri fərmanları təqdim edilmişdir.