ELM VƏ TƏHSİL
“Azərbaycanın iqtisadi və inzibati rayonlarının sosial-iqtisadi inkişaf indeksi” kitabı çap olunub
Bakı, 10 may, AZƏRTAC
“Azərbaycanın iqtisadi və inzibati rayonlarının sosial-iqtisadi inkişaf indeksi” monoqrafiyası nəşr edilib.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutundan məlumat verilib.
Kitab Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri şöbəsinin müdiri, iqtisad elmlər doktoru, professor Rəna Sultanova, şöbənin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Kərim Piriyev və Təhsil şöbəsinin müdiri Ellada Xankişiyevanın apardıqları elmi-tədqiqat işləri əsasında hazırlanıb. Kitabın elmi redaktorları professor Tapdıq Həsənov və dosent Allahyar Muradov, rəyçiləri professor Fərhad Rəhmanov və dosent Ələsgər Sarıyevdir.
Tədqiqat ölkə regionlarının 2021-ci ilə qədər olan təsnifatı əsasında aparılıb. Monoqrafiyada beynəlxalq reytinqlərdə iqtisadi və inzibati rayonlarda sosial-iqtisadi inkişaf göstəriciləri üzrə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri tədqiq edilib, müvafiq təklif və tövsiyələr verilib.
Kitabda Azərbaycanın iqtisadi və inzibati rayonlarının sosial-iqtisadi inkişaf reytinqinin müəyyən edilməsinin nəzəri-metodoloji əsasları işlənilib. Belə ki, monoqrafiyada regionlar üzrə sosial-iqtisadi inkişaf reytinqinin hazırlanmasında sub-indekslərin hesablanması və təhlili verilib. Burada ölkənin iqtisadi rayonlarında alt indekslərin inkişaf meyilləri tədqiq edilib.
Monoqrafiyada Azərbaycanın iqtisadi rayonlarında sosial-iqtisadi inkişaf reytinqinin ekonometrik qiymətləndirilməsi verilib, burada müvafiq göstəricilər üzrə iqtisadi rayonların üstün və zəif cəhətləri qiymətləndirilib, əldə edilmiş nəticələr əsasında müvafiq dövlət orqanlarına təkliflər irəli sürülüb.
Kitab elmi işçilər, ali məktəb müəllimləri, doktorantlar, tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.