SİYASƏT
Azərbaycanın Müstəqillik Günü Avstraliyanın Brisben şəhərində qeyd edilib
Kanberra, 30 may, AZƏRTAC
Azərbaycanın 28 May - Müstəqillik Günü Avstraliya İttifaqının Brisben şəhərində də qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Kvinslend Azərbaycanlıları Cəmiyyəti tərəfindən təşkil olunmuş tədbirdə bu ştatının müxtəlif şəhərlərində yaşayan 40-a yaxın azərbaycanlı və ölkəmizin dostları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan cəmiyyətin sədri Elnur Fətullayev qonaqları salamlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ili - Azərbaycanın Müstəqillik Günü münasibətilə bayram təbriklərini çatdırıb.
Təşkilatın İdarə Heyətinin digər üzvləri də çıxış edərək Müstəqillik Gününün tarixi, onun Azərbaycan xalqının inkişafında oynadığı roldan bəhs ediblər.
Tədbirdə Brisben şəhərində yaşayan avstraliyalı musiqiçi Con Varney tarda və kontrabasda milli musiqilərimiz olan “Bayatı-Şiraz”, “Sarı gəlin”, “Bəri Bax”, “Arzular” və digər musiqiləri böyük məharətlə ifa edib. Qeyd edək ki, Azərbaycan mədəniyyətinin vurğunu olan Con Varney neçə dəfə Azərbaycana səfər edib, burada tar dərsi alıb və bir neçə televiziya verilişinə qatılıb. Həmçinin o, Azərbaycan dilində də çox yaxşı danışır.
Sonra iştirakçılar arasında Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair əyləncəli intellektual müsabiqə təşkil olunub.
Sonda Azərbaycanın Avstraliya, Yeni Zelandiya və Ficidəki müvəqqəti işlər vəkili Ramil Qurbanovun bayram təbrikləri qonaqlara təqdim olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra