RƏSMİ XRONİKA
AZƏRBAYCANIN YƏHUDİ İCMASINA
Hörmətli həmvətənlər!
İkinci dünya müharibəsi zamanı faşizmin yəhudi xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin qurbanları hər il bütün mütərəqqi bəşəriyyət tərəfindən ürək ağrısı ilə yad olunur. Bu dəhşətli kütləvi qırğında uşaqlara, qadınlara, qocalara belə aman verilmədən, milyonlarla insan yalnız yəhudi millətinə mənsub olduğuna görə qəddar işgəncə və əzablarla məhv edilmişdir.
1943-cü ilin aprelində Varşavada yəhudi gettosu məhbuslarının öz milli haqları uğrunda faşizmə qarşı qeyri-bərabər ölüm-dirim savaşına qalxması və bu şərəfli mübarizədə qəhrəmanlıqla həlak olması insani ləyaqətin şər və zorakılıq üzərində mənəvi qələbəsi kimi tarixə həkk olunmuşdur.
Bu qanlı cinayətə zamanında hüquqi-siyasi qiymət verilmiş, soyqırımı aksiyasının ideoloqları və təşkilatçıları layiq olduqları cəzalarını almışlar. Lakin faşizmin yolverilməz təzahürləri müasir zəmanəmizin acı reallığına çevrilməkdə, milyonlarla insanın yaddaşını və taleyini narahat etməkdədir. Təəssüf hissi ilə qeyd edirəm ki, bu cür müsibətlər Azərbaycandan da yan keçməmişdir. Son iki əsrdə, xüsusən də ötən yüzilliyin 80-ci illərinin sonlarından xalqımız dəfələrlə erməni faşizminin hərbi, siyasi, ideoloji irticasına məruz qalaraq soyqırımı, deportasiya, etnik təmizləmə kimi milli fəlakətlərlə üzləşməli olmuşdur. Biz bütövlükdə bəşər sivilizasiyasını, beynəlxalq sülhü və əmin-amanlığı təhdid edən hər cür irqçiliyi, milli-dini ayrı-seçkiliyi qətiyyətlə pisləyir, dünya birliyini belə hallara qarşı vahid və barışmaz mövqe nümayiş etdirməyə çağırırıq.
Əziz həmvətənlər!
Milli hüzn gününüzdə bir daha Azərbaycan xalqı adından kədərinizə şərik olduğumu bildirir, irticanın bütün günahsız qurbanlarına Allahdan rəhmət diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 aprel 2008-ci il.