SİYASƏT
Azərbaycanın Yekaterinburqdakı baş konsulu: Azərbaycan özünü təmin edən ölkədir
Moskva, 17 iyun (AZƏRTAC). Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov “Dördüncü kanal” teleşirkətinə müsahibə vermişdir. Baş konsul jurnalist Olqa Çebıkina ilə söhbətində Azərbaycanın sürətli iqtisadi inkişafı və Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə sıx əlaqələr barədə danışmışdır.
S.Qasımov bu ilin mart ayında Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılığı ilə böyük nümayəndə heyətinin Azərbaycana səfəri barədə söhbət açaraq vurğulamışdır ki, bu səfər ötən illər ərzində görülmüş işlərin məntiqi davamıdır.
“Bu əlaqələrin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur”, - deyən baş konsul vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev həmin nümayəndə heyətini qəbul etmişdir. Görüşdə dövlətimizin başçısı vurğulamışdır ki, nümayəndə heyətinin Azərbaycana səfəri əməkdaşlığın gələcək istiqamətləri barədə məsələlərin müzakirə edilməsi üçün yaxşı imkan yaradır.
Baş konsul Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Sverdlovsk vilayətinə səfərini və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin bayram kimi qeyd edilməsini məmnuniyyətlə xatırlatmışdır. S.Qasımov demişdir: “Ural Federal Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılması da əməkdaşlığımızın yaxşı göstəricisidir”.
Baş konsul Azərbaycanın son vaxtlar yaradılan siyasi və iqtisadi ittifaqlara münasibəti barədə sualın cavabında demişdir: “Azərbaycan özünü təmin edən ölkədir və bizim ittifaqlara daxil olmağa ehtiyacımız yoxdur”.
S.Qasımov Yekaterinburqdakı Azərbaycan diasporunun fəaliyyəti barədə də söhbət açmış, diaspor üzvlərinin şəhərin və vilayətin ictimai-siyasi həyatında fəal iştirak etməsinin vacibliyini vurğulamışdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva